Novella Cəfəroğlu: “Dövlət Departamenti ilə yanaşı Avropa Şurası və Avropa İttifaqından da tənqidlər gələcək”
ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatını “Gündəm Xəbər”ə hüquq müdafiəçisi Novella Cəfəroğlu şərh edib.
-Novella xanım, AŞ PA-nın yaz sessiyası öz işinə başlayır, siz bu məqsədlə Strasburqa gedəcəksinizmi? - Xeyr. Bu dəfə Azərbaycanla bağlı məsələlər müzakirə edilməyəcək. Məndə olan məlumata görə, Azərbaycanla bağlı müzakirələr iyun sessiyasında aparılacaq. Bizdə Strasburqa iyunda getməyi planlaşdırmışıq. Ola bilsin ki, iyuna qədər siyasi məhbusları azad etdilər. Əgər bu baş versə Strasburqa getmək bizim üçün də asan olar. Çünki gedib orada danışmaq, hətta dalaşmaq istəmirik. - Misir Mərdanovun təhsil naziri postundan uzaqlaşdırılmasını necə qiymətləndirirsiniz? - Mən dediyim ola bilsin ki, çox adamın xoşuna gəlməyəcək. Misir Mərdanovu çox əvvəllərdən tanıyıram. O, nazir vəzifəsinə addım-addım gəlib çıxıb. Müəllim, dekan, kafedra müdiri, prorektor və rektor olub. Onun rektor olduğu dövrlər Bakı Dövlət Universitetində azad mühit hökm sürüb. Misir Mərdanov pedaqoq və təhsil sistemini bildiyi qədər heç kim bilmirdi. Onun qədər bu sahəni bilən mütəxəssis ölkədə barmaqla sayıla bilər. Amma o sistemin qurbanı oldu. Əgər bu sistem normal olsaydı Azərbaycan Misir Mərdanov kimi təhsil naziri tapa bilməzdi. Onun ətrafında da normal komanda var idi. Təhsil Nazirliyi ilə işləyən beynəlxalq təşkilatlar ondan razı idilər. Sadəcə olaraq Mərdanov sistemə uyğun fəaliyyət göstərdi və məhz bu səbəbdən də işini göstərə bilmədi. İkincisi, Misir Mərdanovun getməsi bu sahədə vəziyyəti dəyişməyəcək. Bunun üçün sistem dəyişilməli, islahatlar getməlidir. - Ancaq bir şəxsin 15 il nazir olması faktı da nöqsandan, idarəçilikdə şəffaflığın olmadığından xəbər verir... - Gərək bütün nazirləri çıxarsınlar. Nəzərə alın ki, bizdə 15-20 il nazir işləyən şəxslər az deyil. - Bəs Misir Mərdanovun yerinə təyin olunan şəxs haqqında nə deyə bilərsiniz? - Eşitdiyimə görə, Mikayıl çox ağıllı və savadlı oğlandır. Amma o, heç vaxt təhsil sistemində işləməyib. - Əsas odur ki, Azərbaycanda magistri minlərlə professor və alimə rəhbər təyin etmək mümkündür... -Əslində magistrdə nazir ola bilər, əgər bu işi bilirsə. Mikayıl ağıllı oğlandır. Onların qrupu yeganə qrup olub ki, müəllimlər hər dəfə bu qrupa gedəndə hazırlaşıb gediblər. Çünki müəllimlərə ağıllı və dərin suallar verirlərmiş. Əmma ondadır ki, indi nazir təyin olunan bu cavan oğlan təhsil sistemində işləməyib. Bəlkə də o, yeni metodlarla işləyəcək, müəyyən işlər görə biləcək. İnşallah yaşayıb onun işini də görər və bundan sonra daha dəqiq qiymət verərik. - Toylarda musiqi ifa edən şəxs nazir ola bilərsə, nədən ABŞ-da iki illik proqram üzrə təhsil alan şəxs nazir olmasın? - Bəlkə də o ən gözəl təhsil naziri olacaq. Bunu indidən demək olmaz. Mən bilirəm ki, digər dövlətlərdə həkim olmayan şəxs klinika rəhbəri ola bilər. Sizdə görürüsünüz ki, bəzi ölkələrdə mülki şəxs müdafiə naziri postunu tutur. Belə bir praktika var. Ancaq ən vacibi bu sistemi başa düşüb işləmək, islahatlar aparmaqdır. Təhsildə korrupsiya, uşaqlardan pul yığmaq, pulla müəllimi işə götürmək kimi hallar olmamaldır. Bunun üçün də yeni nazir təyin olunan şəxs bütün bunları diqqətə alaraq işləməlidir. Bunlar edilsə, demək yaxşı işləyəcək. Bir daha qeyd edirəm ki, Misir Mərdanov təhsil sahəsini bilən ən yaxşı mütəxəssislərdən biri idi, amma sistemin qurbanı oldu. - İki gün əvvəl polis Sabirabadda AXCP-nin müşavirəsini dağıdıb, bəzi şəxsləri həbs ediblər, Bakıdan gedənləri isə rayonu tərk etməsini tələb ediblər, bir avtobus məcburi köçkün olan qadından da müxalifətçilərə qarşı istifadə etmək istəyiblər. Hüquq müdafiəçisi olaraq bu halı necə qiymətləndirirsiniz? - Bu Azərbaycanda ilk hadisə deyil. İsa Qəmbər Lənkərana gedəndə buna imkan vermədilər, qabağını kəsdilər, bir avtobus qadını gətirdilər və s. Bu hallara son qoyulmalıdır. Seçki qabağı dövrdə bu cür hallar təəssüf yaradır. O mənadakı Azərbaycanda məmurlar siyasi partiya anlayışından bixəbərdir. Əgər dövlət partiyanı qeydiyyatdan keçiribsə, bu partiyanın rəhbərliyi ölkə üzrə bütün rayonlara gedib görüşə, tədbirlər keçirə bilər. Bunu icra başçısı, polis məmuru dərk etməlidir. Onlara çatdırılmalıdır ki, siyasi partiyalar, QHT-lər regionlara gedib görüşə bilərlər. Çünki bu siyasi və ictimai təşkilatlar dövlət qeydiyyatına alınıb. Əgər buna şərait yaratmaq əvəzinə, bunun əksini edirlərsə, deməli Avropa Şurası, Avropa Birliyi, ATƏT və başqa qurumlar Azərbaycana qarşı tənqidlər səsləndirəcək. Bunu hakimiyyət də bilməlidir. - Seçkilər yaxınlaşdıqca hakimiyyət daha bir neçə naziri işdən çıxara bilərmi? - Ən azı iki nazir də işdən çıxarılacaq. - Misir Mərdanovdan sonra daha birini çıxaracaqlar? - Misirdən sonra iki nazirin də işdən çıxarılması ehtimalı güclüdür. Amma naziri işdən çıxarmaqla heç nə dəyişməyəcək. Ayrı addımlar atmaq lazımdır. - Hansı addımlar atmaq lazımdır ki? - Əvvəla islahatlar aparılmalı və millətlə hesablaşmaq lazımdır. İslahatlar olmasa yüz nazir dəyişsən də xeyri olmayacaq. Naziri dəyişməklə Azərbaycanda heç nə dəyişməyəcək. Reformalar həyata keçirilməlidir. - Dövlət Departamenti Azərbaycanı bütün sahələr üzrə tənqid edib. Xüsusilə qeyd olunub ki, reallıqda Milli Məclis olsa da, əslində bütün səlahiyyət prezident institutunun əlindədir. Bu fikirlərlə razısınızmı? - Əlbəttə razıyam. Baxın, bir qrup gənc mitinq edir və baş komandan da xahiş edirlər ki, orduda əsgər ölümlərini diqqətə götürsün. Çağırıb bu haqda müdafiə nazirindən məlumat almaqdan, bunun səbəblərini araşdırmaq əvəzinə 6-7 nəfər NİDA-çını tutub həbsə salıblar. Bu hökumətin biganəliyinin göstəricisidir. Odur ki, ABŞ Dövlət Departamenti belə tənqidlər səsləndirməkdə davam edəcək. Yəni hökumət fikirləşməlidir ki, söz azadlığı, siyasi məhbuslar, jurnalistlərlə nə qədər pis rəftar etsə, bir o qədərdə dünyadan özünə qarşı pis rəftarla üzləşəcək. Bu halda Dövlət Departamenti ilə yanaşı Avropa Şurası və Avropa İttifaqından da tənqidlər gələcək. - Hesabatda qanunsuz həbslər, siyasi xarakterli mühakimələr və polis məntəqələrində işgəncə verilməsi halları qeydə alınıb və belə işgəncə halları səbəbindən ən azı polis idarəsində 4 vətəndaş dünyasını dəyişib... - İşgəncələrlə bağlı həmkarım Elçin Behbudov işləyir və bu məsələləri araşdırır. Ola bilsin ki, bu haqda o mətbuatda danışıb. Mən onu qeyd edə bilərəm ki, polis məntəqəsində Hilal Məmmədova işgəncə olub. Digərlərindən xəbərim yoxdur. Yəqin ki, bu hallar baş verib ki, deyirlər də. Əks halda deməzlər. - Dövlət Departamenti bəyan edir ki, Bakıda insanlar zorla evlərindən çıxardılır, onlara adekvat kompensasiya verilmir, bir çox hallarda evlərlə təmin edilmirlər. Bu haqda nə deyə bilərsiniz? - Tamamilə doğru fikirlərdir. Bəzən insanlara qeydi adekvat kompensasiya verirlər. Bizdə yüzlərlə ərizə var və şikayətçilər qeyd edirlər ki, onları zorla evindən çıxarıblar. Baxın, birinin 20 kvadratmetr evi var. Ona kvadratmetrinə görə 1500 manatdan ödəyəndə 30 min pul edir. Sizcə, bu pula Bakıdan ev almaq mümkündürmü? Hansı ki, onun evi var, hələ həyətdə də özünə kiçik mətbəx belə tikə bilib. Və yaşayır. İndi ona 30 min verirlər ki, dərhal evindən çıx. Hamımız bilirik ki, bu pula ev almaq mümkün deyil. Bu insana ya yeni mənzil verilməli, ya da ciddi təminat olmalıdır. Bu mənada mən hesabatda qeyd edilənləri dəstəkləyirəm. - Hesabatda 2012-ci il müddətində Azərbaycan həbsxanalarında 111 məhkumun dünyasını dəyişdiyi bəyan olunur. Sizcə, bu ciddi rəqəm deyilmi? - Məsələn, məhbəsdə olan insanlar xəstə ola bilər. Mən arada həbsxanalara gedirəm və bilirəm ki, xəstə məhbusları Pentensiar Xidmətin müalicə mərkəzlərinə aparırlar. Orada da normal müalicə aparılır. Bu mənada həbsxanada xəstə insanlar dünyasını dəyişə bilər. Fikrimcə, bu insanlar işgəncədən ölməyib. Nəzərə alın ki, məhkumların böyük qismi siqaret çəkir, narkotik maddələrdən istifadə edir. Müəssisələrin 60 faizi narkomanlardır. - Amma Azərbaycan həbsxanasında hətta acından ölən olub. Məsələn, siyasi məhbus Kunqurova... - Kunqurova məsələsi ayrı məsələdir, biz bunu Avropa Şurasına təqdim etmişik və bu sona qədər araşdırılacaq. Kunqurovaya işgəncə vermişdilər. - Deməli işgəncə halları var... - Bəli, belə hallar olub. Amma bu 100 nəfərin işgəncədən ölməsi faktı yoxdur. Bu insanlar xəstəlikdən ölüb. Kimsə şəkərdir və orada pəhrizini saxlaya bilmir, başqası narkomandır və dozanı artıq edir... - Qanunsuz həbslər və polisdə saxlamalarda hesabatda qeyd edilir, bildirilir ki, normalda polis vətəndaşı 48 saatdan artıq saxlamalı olmasa da, insanları qeyri qanuni olaraq günlərlə saxlayırlar... - Bizim praktikamızda Tofiq Yaqublu və İlqar Məmmədovu İsmayıllıda həbs edərək polisə aparıblar. Sonradan onları azad ediblər və az sonra yenidən həbs ediblər. Onu da sizə deyim ki, ən çox biabırçılığı prokurorluq edir. - Amma Dövlət Departamenti qeyd edir ki, siyasiləri həbs etmək üçün daha çox polisə “müqavimət” kimi saxta və iyrənc ittihamından geniş istifadə olunur... - Həm polisə müqavimət, həm də cibə narkotik maddə qoyub həbs etmə metodundan istifadə edirlər. 1993-vü ildə həbs edəndə şəxsin evinə tapança, qumbara və ya raket qoyurdular. Çünki o zaman müharibə gedirdi və əllərdə silah çox idi. İndi isə narkotik daşıma və polisə müqavimət variantı dəbdədir. Bu məsələni düzgün qeyd edilib. - ABŞ Dövlət Departamenti Azərbaycan məhkəmə sistemini də ciddi şəkildə tənqidə məruz qoyur və hakimlərin ölkə başçısı tərəfindən təyin olunduğunu xüsusilə vurğulayır. Siz mütəmadi olaraq məhkəmələrdə qadınların hüquqlarını qoruyursunuz. Dövlət Departamentinin məhkəmələrlə bağlı tənqidi nə dərəcədə doğrudur? - Məhkəmələr müstəqil deyil və sifarişlə işləyir. Buna görə də məhkəmə sistemi dəyişməlidir. Mən deyim ki, məhkəmə sistemi siyasi məsələlər üzrə sifarişlə hərəkət edir. Məsələn, biz daha çox məhkəmələrdə qadınların hüquqlarını qoruyuruq və işlərin də 25 faizdən 75 faizə qədərini uduruq. Ancaq siyasi məsələlərdə bir dəfə də olsun məhkəmə udulmayıb. Avropa Məhkəməsində udulsa da, buna görə bizdə hakimlər cəzalandırılmayıb. - 2012-ci ildə jurnalistlər 76 dəfə fiziki zorakılığa, təhqirə məruz qalıb, media 6,3 milyon manat cərimə edilib. Bunu necə qiymətləndirirsiniz? - Bu hallar olub, biz bunu təsdiq edirik və baş verənlərin şahidiyik. Hələ Fuad adlı jurnalisti müdafiə edirik. Onun adı heç bir siyahıda yoxdur. Rayonda baş verən nöqsanlar haqqında yazdığına görə qurama ittihamla həbs edilib. Çünki rayonda qadın alveri və başqa məsələləri açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?