Vidadi İsgəndərli: “Bu seçkilərdə də, saxtakarlığa haqq qazandırılsa və İlham Əliyevin üçüncü dəfə hakimiyyətdə oturulmasına dəstək verilsə, biz qərbin demokratiya məsələsində səmimiyyətinə inanmayacağıq"
Suallara hüquq müdafiəçisi, vaxtı ilə Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilən Vidadi İsgəndərli cavab verib.
- Vidadi bəy, öz təşəbbüsünüzlə mayın 6-da Göyçayda mitinq keçirəcəyinizi bəyan etmişdiniz. Bu haqda nə deyə bilərsiniz? - Mən hazırda Göyçaydayam. Mənə şikayət edən Miri Seyidovu icra başçısı və başqa vəzifəli şəxslər yanına dəvət edərək bildirib ki, problem həll olunacaq. Eləcə də ondan xahiş ediblər mənə çatdırsın ki, mitinqə ehtiyac yoxdur. Şikayətçidən rüşvət formasında alınan pulu Elxan Babayev geri qaytaracaq. Məndə bu problemlə bağlı mitinq elan etmişdim. Amma məsələ müsbət həllini tapdığı üçün aksiyanı saxladıq. Onu da deyim ki, aprelin15-də mənim həbsimin bir ucu da bu mitinqlə bağlı imiş . Mən həbs ediləndən sonra Miri Seyidov və başqa bir şikayətçi xanımın problemi öz həllini tapıb. Onu da deyim ki, Göyçar siyasi baxımdan aktiv rayon olduğu üçün mayın 25-də daxili işlər naziri Ramil Usubov ətraf rayonların sakinlərini burada qəbul edəcək. Hazırda mən bu işlərlə məşğulam ki, şikayət və problemi olan insanlar bu imkandan mümkün qədər istifadə etsinlər. Bir sözlə, bizim mitinq təyin etməmizin səbəbləri aradan qaldırılıb. Biz mitinqi ona görə təyin etmişdik ki, rayon məhkəməsinin sədri Elxan Babayev vətəndaşdan rüşvət almışdı. Bu rüşvət geri qaytarıdığı üçün şikayətçilər bundan imtina etdilər. Əsas şikayətlər rüşvətin geri alınması ilə bağlıdır. Onu da qeyd edim ki, indi səlahiyyətli şəxslərə rüşvət verib onu sonradan geri almaq çox çətin işdir. Amma mən raoyn icra başçısının, nəqliyyat nazirliyinin, rayonun sabiq rəisi Vüqar Məmmədyarovun vətəndaşdan aldığı rüşvəti geri almağı bacarmışam. Mən insanlara müraciət edirəm ki, kampaniyaya başlasınlar. Bizdə korrupsiya sistemi mövcuddur. Açıq formada kim rayon, şəhər prokuroruna, məhkəmə sədrinə və ya icra başçısına rüşvət verib ala bilmirsə, mənə müraciət etsinlər. Mənə daxil olan hər bir müraciətə görə mitinq təyin edəcəyəm. - Aprelin 15-də sizin həbs olunmağınıza bir səbəb də, ərazidə olan polis nəfərlərinin qanunsuz yolu keçən tələbə qızlarla normal davranış sərgiləməməsi olmuşdu. Bu problem aradan qalxdımı? - Mən o vaxt da polislərə başa saldım ki, onların keçirdiyi kampaniya sadəcə görüntü yaratmaq məqsədinə xidmət edir. Mən sizə deyirəm ki, İnşaat Mühəndisləri Universitetitinin qarşısını hər gün minlərlə insan keçir. Söhbət ondan gedir ki, inzibati və ya cinayət xarakterli cəzanı kompleks aradan qaldırmaq lazımdır ki, problem həll olunsun. Siz görün Azərbaycanda nə qədər problem var, xalq necə talanır ki, bu hər kəsdə gülüş doğurur. Mən çəkinmədən deyirəm, eləcədə cənab nazir Ramil Usubova müraciət edirəm. Cənab nazir, Sizin xəbəriniz varmı ki, Azərbaycanda sürücülük vəsiqəsi min manata satılır. İndi polisdə deyirlər ki, yollardan vətəndaşların qanunsuz keçməsinin qarşısını almaqla həmdə ölüm və ya qəza hallarının qarşısını alır. Bu gün Azərbaycan ölüm sayı ilə bağlı baş verən avtoqəzalara görə dünyada birinci yeri tutur. Ölümlə nəticələnən yol qəzalarının baş verməsinin başlıca səbəbi odur ki, burada hər bir kəs istədiyi halda min manat rüşvət ödəməklə sürücülük vəsiqəsi ala bilər. Məsələn, Şirvan şəhərində 16 yaşına çatan, amma hüquqi olmayan bir gəncə sürücülük vəsiqəsi asanlıqla almaq mümkündür. Yəni bu gün problem Azərbaycanda sürücülük vəsiqəsinin satılması halıdır. Sürücülük vəsiqəsini avtomobil idarə edə bilməyən insanlara verməklə DİN-in Dövlət Yol Polisi İdarəsi öncdən insanların ölümü üçün şərait yaradır. Sürücülük bir sənətdir, amam bu sənəti min manata satırlar. Mən cənab nazirdən xahiş edirəm ki, avtoqəzaların və ölüm hallarının qarşısını almaq üçün bu nöqsan aradan qaldırılsın. Gürcüstan nümunəsi var: insan sürücülük vəzisəqəsi almaq üçün avtomat kompüterə yaxınlaşır. Orada sual-cavab verilir. Əgər sürücülük vəsiqəsi almaq istəyən şəxs suallara və kriteriyalara cavab verirsə, dərhal ona sürücülük vəsiqəsi təqdim olunur. Amma bizdə sürücülük vəsiqəsi almaq üçün guya sürücülük məktəbi keçməlisən, başqa prosedurları başa vurmalısan və sonda da rüşvət verib bu sənədi almalısan. Bu biabırçılıqdır. Əsas problem budur. Daha yolu keçən vətəndaşları cərimə etməklə yollarda ölümlə nəticələnən qəzaların qarşısını almaq mümkün deyil. Həm də bu qəzaların baş verməsinə bir səbəb də, nəqliyyat naziri Ziya Məmmədovun çəkdiyi yolların bərbad gündə olmasındadır. Bu yollar bynəlxalq standartlara cavab verirmi? Yolun enliyi, qalınlığı, radar sistemləri, pulla alınan sürücülük vəsiqəsi sonda qəzalara səbəb olur. Biz bunu olduğu kimi deməliyik. - Vidadi bəy, siz ailə üzvlərinizi yaranan təhdid və təhlükə ilə əlaqədar xaricə öıkələrdən sığınacaq istəsəniz də, bu alınmamışdı. Hətta ABŞ başda olmaqla bir sıra demokratik ölkələri tənqid etmişdiniz. Söhbət hansı maneədən gedir və sizi narazı salan məqam nədən ibarətdir? - Mən sizə konkret deyim. Mənim evimə basqılar, həyatıma təhlükələrin olması, övladlarımın toxunulmazlığı probleminin olmadığı real mənzərədir. İsmayıllı hadisələri baş verəndə mən İsmayıllıya getdim. Bu zaman mənə zəng edib dedilər ki, yaşadığım mənzil mülki geyimli şəxslərlə doludur. Ayın 27-də məni İsmayıllıdan geri qaytardılar. Ayın 28-də mənə qarşı olan real təhdidləri anladım. Belə ki, baş prokuror Qaralovun köməkçisi işləmiş, hazırda vergi orqanlarında yüksək vəzifə tutan Sərdar Əliyev mənimlə görüşdü. O, mənə baş prokuror, vergi və nəqliyyat nazirinin təhdidlərini çatdırdı, dedi ki, ailənə və balalarına yazığın gəlsin. Mən də, real təhlükə olduğundan yanvarın 28-də ailəmlə birlikdə Fransa səfirliyinə sığındım. Səfirin özü və konsul mənimlə görüşdü. Bizdə sənədlərimizi onlara təqdim etdik. Əlbəttə mən təhdid olunmağımla bağlı audio yazı olan kaseti də onlara təqdim etdim. Diplomatlara mənə bildirdilər ki, narahat olmayaq və uşaqlarıma siyasi sığınacaq verəcəklər. Amma bunun üzərindən iki ay keçsə də, bir xəbər olmadı. Səfir də mənə dedi ki, Azərbaycan hakimiyyəti ailəmə və təhlükəsizliyimə qarant verir, amma isəyirlər ki, mən fəaliyyətimi yumşaldım. Çünki mən problem yaradıram, insanları inqilaba çağırıram və s. Diqqət etsəniz görərsiniz ki, mən övladlarımla bağlı olaraq martın 10-na qədər fəaliyyətimə bir qədər ara vermişdim. Fransa səfirliyi də deyirdi ki, uşaqlarını göndərəcəyik. Aprelin 15-də mən həbs ediləndə qardaşım Fransa səfirliyinə müraciət edib. Səfirlikdən ona bildiriblər ki, Vidadi İsgəndərlinin ailəsini Fransaya göndərməyə bizim gücümüz çatmır. Mən həbsdən çıxandan sonra gedib Fransa səfirliyindən övladlarımın səbədlərini geri aldım. Bundan sonra ABŞ səfirliyində görüşdüm. Amma bu görüşdə məqsəd hakimiyyətin təhdidi altında olan övladlarıma siyasi sığınacaq almaq deyildi. Əksinə, bu görüşüm demokratiya ilə bağlı deyildi. Mən rəsmi olaraq prezidentliyə namizədliyimi irəli sürürəm, siyasi proseslərə başlayıram. ABŞ səfirliyində dedim ki, həbs olunmazdan iki gün əvvəl “Gündəm Xəbər” qəzetinə müsahibə vermişəm və nazirlərin korrupsiyası haqqında danışmışam. Əslində mən, 2011-ci ildə də “Gündəm Xəbər”ə müsahibə verib bəzi məsələlər haqqında fikir səsləndirdiyimdən sonra həbs olundum. Bir sözlə, mən ABŞ səfirliyinə tənqidlərimi səsləndirdim. Bildirdim ki, bizdə qurulan korrupsioner rejimə görə, dünyanın aparıcı bir dövləti olaraq Amerikanında müəyyən qədər məsuliyyəti var. Bu gün ABŞ Dövlət Departamentinin hesabatlarına baxanda görərik ki, Azərbaycanda avtoritar rejimin olduğunu onlar təsdiq edir. Mən hesab edirəm ki, dünyanın aparıcı demokratik dövləti, demokratik dəyərlərin daşıyıcısı və yayıcısı olaraq ABŞ Azərbaycanda qurulan siyasi sistem xarakterli hakimiyyətləri dəstəkləməməlidir. Əlbəttə, belə bir dövlətin Azərbaycanla bağlı mövqeyi bizim ölkəmizin insanları üçün əhəmiyyətlidir. Əgər bu rejim müdafiə olunarsa, bu zaman Azərbaycan insanları Rusiya və ya İrana meyl edəcəklər. Çünki Azərbaycan 20 ildir ki, müstəqil dövlətdir. Qərb, Avropa, ABŞ uzun illərdir ki, demokratik dəyərlərdən bəhs edir, amma bizdə son 20 ildə bütün seçkilər saxtalaşdırılıb və qərb də bu seçkiləri “irəliyə doğru addım” adlandıraraq Əliyevləri müdafiə ediblər. Əlavə etdim ki, bu seçkilərdə də, saxtakarlığa haqq qazandırılsa və İlham Əliyevin üçüncü dəfə hakimiyyətdə oturulmasına dəstək verilsə, biz qərbin demokratiya məsələsində səmimiyyətinə inanmayacaq və bu haqda xalqa fikrimi çatdıracagam. Çünki bu halda belə çıxır ki, qərb əsasən Azərbaycanda iqtisadi və maliyyə marağını güdür. Başqa sözlə, Azərbaycanın neftini talayaraq bu xalqın yağmalanmasınada iştirak edir. Mən bu iradlarımı açıq şəkildə söyləmişəm. Amma onu da qeyd edirəm ki, bu gün demokratik prosesləri də dəstəkləyən ölkələr elə azad cəmiyyətlər və demokratik dövlətlərdir. Sadəcə olaraq bizim onlardan gözləntilərimiz daha çoxdur. - Müxalifətdə olan insanların sizdən narazılığı nə ilə bağlıdır? - Səmimi deyim ki, mübarizə ya olur, ya da olmur. Mən nə əlimə silah alıram, nə də insanları qana çağırıram. Sadəcə olaraq insanları demokratik cəmiyyət uğrunda mübarizəyə səsləyirəm. Əlbəttə, bunu müxalifətdə olan dostlarımdan bir qədər fərqli şəkildə edirəm. Fikir verin, hansı ağıllı siyasətçi mənim Fransa və ABŞ səfirliyində dediyim sözləri deyə bilər? Əlbəttə, heç biri. Amma mən bunu bir hüquq müdafiəçisi olaraq söyləmişəm. Mən demokratiya uğrunda mübarizə aparıram. Bu gündə demokratik ölkələr qeyd edirlər ki, demokratiya, insan haqları bir ölkənin daxili işləri ola bilməz, əksinə, bu ümumibəşəri məsələdir. Bu gün Azərbaycanda faktiki olaraq sərbəst toplaşmaq hüququ yoxdur. Bəs nədən bu haqda susursunuz, demokratik cəmiyyətlər nədən bu məsələdə susur? Niyə qərb dövlətləri Azərbaycana qarşı bəyanat verib deməsin ki, bu hüquq dərhal işləməlidir. Bizim bu məsələlərə dair narazılığımız var. Bu gün Azərbaycan dövlətini 14-cü kalona bənzədirəm. Orada da insanlar üç-üç gəzəndə cərimə otağına salırdılar. Müxalifətçi dostlarıma gəldikdə isə, deyim ki, hamı eyni cür düşünə bilməz. Mən hesab edirəm ki, Azərbaycanın hər bir kəndində demokratiya uğrunda mübarizə olmalıdır. Demokratiya ancaq kabinetlərdə demokratiya haqqında bəyanat vermək deyil. Demokratiya hərəkət və inkişaf deməkdir. Siyasətdə fərqli baxışlar ola bilər. Mən ilk öncə səmimiyyətə, daha sonra siyasətə inanıram. Mən deyirəm ki, siyasi pozğunluq eləmək olmaz. Çünki bunun 5-10 gün ömrü olur. Ya gəlin Azərbaycanda demokratiya quraq, ya da padşahlıq institutu tətbiq edək. Bu zaman biz də işimizi bilək. Niyə yalandan NİDA-çılar, AXCP və Müsavat fəalları, dindarlar həbs olunmalıdır. İnsanlar həbs olunur. Amma demokratik dəyərləri müdafiə edən dövlətlər susur, ancaq dünyanın aparıcı qeyri hökumət təşkilatları bəyanat verir. Belə olmaz. Bu cür davam etsə dünya üçün böyük problemlər yaranar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?