“Hakimiyyət vəziyyəti çox yaxşı dərk edir. Ona görə də indidən çalışır ki, cəmiyyəti müəyyən bir çərçivədə saxlasın”
“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyevin aktual məsələlərlə bağlı AzPolitika.info-ya müsahibəsi - Mehman bəy, Milli Şuraya üzlük təklifi almısınızmı? - Təklif almışam, lakin hələ proses başlamayıb. - Bir çoxları ideyanın həyata keçməyəcəyini proqnozlaşdırırlar. Siz hansı fikirdəsiniz? - Necə deyərlər, qabağa çox baxmaq da olmaz. Mən onun tərəfdarıyam ki, bu gün mövcud olan məsələləri həll etmək lazımdır. Mövcud olan əsas məsələlər də ondan ibarətdir ki, Azərbaycanda bütün demokratik prinsiplərin bərqərar olunması, azad cəmiyyətin qurulmasını istəyən qüvvələrin hamısının bir araya gətirilməsi, vahid bir hərəkatın yaradılması reallaşsın. Mən bunu dəstəkləyirəm, mənim üçün əsas olan budur. Ona görə də, bu ilkin bir mərhələdir. Mən də nə lazımdırsa edirəm. -Sizcə, Milli Şuraya kim rəhbərlik etməlidir? Rəhbərlikdə ideya müəllifi Rüstəm İbrahimbəyovu, yoxsa başqa birini görmək istərdiniz? - Mənim istəyib-istəməməyim başqa məsələdir, amma mən hesab edirəm ki, bu birlik yaranandan sonra kimin rəhbərlik etməsi və s. demokratik yolla həll olunmalı, müzakirələr aparılmalıdır. Mən bunun tərəfdarıyam. - Bir kənar müşahidəçi kimi necə fikirləşirsiniz, yaranmaqda olan bu qurumun prezidentliyə namizədi kim olsa uğur qazanmaq şansı daha çox olar? - Mən onun tərəfdarıyam ki, seçki prosesi zamanı nə qədər çox namizəd irəli sürülsə, o qədər də yaxşıdır. Bir var, bir nəfər danışsın, bir də var 10-15 nəfər danışsın. Görüşlərin, danışıqların sayı artır. Lakin sonda burada hökumət tərəfdarları çox olacaqsa, çox görünəcəksə, bunu hesablamaq və vahid namizədi irəli sürmək olar. - Rəsul Quliyevin Milli Şurada təmsilçilikdən imtina etməsi bu qurumun gücünə təsir edəcəkmi? Yaxşı olardı ki, imtina etməsin. Çünki Rəsul Quliyevin cəmiyyətdə kifayət qədər tərəfdarı da, nüfuzu da var. Mən hesab edirəm ki, bir şəxsiyyət kimi bu işləri görsəydi müsbət təsir edərdi. Olmamağı əlbəttə ki, müəyyən dərəcədə təsiri azaldır. Lakin mən yenə də ümid edirəm ki, bəlkə fikrini dəyişdi. - Belə fikirlər də var ki, Milli Şuranı da İctimai Palatanın taleyi gözləyir, yəni bu qurum İctimai Palatanın bir qədər genişləndirilmiş formasıdır. Bu barədə siz necə düşünürsüz? - Bu gün Azərbaycanda yeni qurum yaranıb. Bunun bir sıra amilləri var. Cəmiyyətin özü islahatlara hazırdır, islahatları istəyir və biz pərakəndə şəkildə müxtəlif rayonlarda nümayişlərin şahidi olmuşuq. Bunu nə müxalifət təşkil edib, nə də hansısa qüvvələr. Bu, xalqın çağırışıdı. Bu, faktdır. Siyasi qüvvələr də bu gün bunu başa düşür. Ona görə də bu hərəkatın yaranması, hamının birləşməsini xalq istəyir. Bu gün hər bir siyasi xadim güzəştə getməyə hazırdır. Bu, yeni bir vəziyyətdir. Siyasi partiyalar kompromisə getməyə hazırdır. Azərbaycanda demək olar ki, kompromis dövrüdür. Belə bir şəraitdə daha uğurlu olmasını gözləyirəm. İctimai Palataya gələndə isə, müxalifətin fəaliyyətinə nəzər salsaq, bu qurum uzun illər ərzində ən uğurlusu olub. Çünki stabil olaraq öz işini aparıb. İctimai Palata gündəmə xeyli məsələləri gətirib. İctimai fikirə təsir edə bilib, və s. Hesab edirəm ki, məhz onun fəaliyyəti nəticəsində də bu gün yeni bir qurum formalaşmağa başlayır. - Bu prosesdə “El” hərəkatının perspektivini necə görürsüz? - Bu hərəkatın da öz tərəfdarları var. İctimai Palata deyəndə biz bilirik ki, burada aparıcı partiyalar, AXCP və Müsavatdır. Söhbət ondan gedir ki, İctimai Palata, Ziyalılar Forumu, Məşvərət Məclisi və s. qurumlar var. Azərbaycanda mövcud olan müxtəlif təşkilat və qurumların formalaşmaq prosesi gedir. Yəni bunları gələcəkdə daha çox azad və ədalətli seçkilər uğrunda böyük bir hərəkatın bir hissəsi kimi görürəm. Ola bilsin ki, “El” gələcəkdə bir partiyaya çevrilsin. Amma bugünkü prosesdə “El”in də təsiri böyük olacaq. - Seçki ilində inqilab ehtimalı varmı? - İnqilab ehtimalı daha realdı. Bu il 2003-cü ildən fərqlənir. 2003-cü ildə vəziyyət kifayət qədər gərgin idi. Seçkilər kifayət qədər mübahisəli oldu. O vaxt hakimiyyət tərəfindən güclü təzyiq nəticəsində seçkinin nəticələri həll olundu. O zaman deyək ki, xalqın içində də birmənalı mövqe yox idi, cəmiyyət parçalanmışdı. Ancaq bu gün hakimiyyətin vəziyyəti daha pisdir. Hakimiyyətə inam getdikcə azalır, daha çox qarşı tərəfə meyl yaranır. Bu gün bir problem var ki, hamı bu hakimiyyəti istəmir. Hakimiyyət bunu görür, buna görə də müxtəlif tədbirlər görür. Sərbəst toplaşmağa qoymur, Seçki Məcəlləsini dəyişmək, komissiyaları təzədən formalaşdırmaq istəmir. Hakimiyyət vəziyyəti çox yaxşı dərk edir. Ona görə də indidən çalışır ki, cəmiyyəti müəyyən bir çərçivədə saxlasın. Sonra da güc tətbiq etməklə seçkiləri udsun. Bu da böyük bir qarşıdurmaya gətirib çıxarır. Bunun nəticəsində də inqilab ehtimalı var.
Sorğu
Yeni dizaynımız necədir?