Düşmənə tab gətirib, məmur məsuliyyətsizliyinə yenilən kənd
Vətən sərhəddən başladığı kimi, kənd sakinləri həm də sipər rolunu oynayır. Həmin insanlar sinələrini sipər edərək, sözün həqiqi mənasında Vətənimizin bütövlüyünü təmin edirlər. Əslində bu bir Vətən borcudur. İndi gəlin görək bu mücadilənin qarşılığında bu cəsur insanlara Dövlət tərəfindən hansı güzəşt və qayğı göstərilir. Ağstafa rayonunun İH başçısı tez-tez dəyişdirilsə də, heç bir başçı kəndə baş çəkmir. Köhnəqışlaqlıların problemləri problem olaraq qalır. Dövlətçilik ənənələrinə daima sadiq olan, ümumilli maraqlarımızı və ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün canlarından belə keçməyə hazır olan köhnəqışlaqlıların bu günkü problemləri olduqca çoxdur. Onlar ölkə rəhbərliyindən, konkret olaraq, içməli su problemlərinin həll olunmasını, kəndi iki yerə bölən yolun işaqlandırılmasını, qaz, elektrik enerjisi haqqının ödənişi ilə əlaqədar qaçqın və məcburi köçkünlərə edilən güzəştlərin onlara da şamil olunmasını tələb edirlər. Kənd sakinləri ölkə başçısına, yuxarı təşkilatlara çözülməz dərdlərini yazaraq müraciət ediblər. Sonda aldığımız məlumata görə kənd sakinlərinin ölkə başçısına ünvanladıqları müraciət Prezident Administrasiyasına daxil olmuş, problemlərin həll olunması üçün Ağstafa rayon İcra Hakimiyyətinə göndərilmişdir. Amma buna baxmayaraq hələ də sakinlərin problemləri ilə maraqlanan yoxdur. Yüz iyirmi evli Köhnəqışlaq kəndi mənfur ermənilərlə sərhəddə yerləşir. Hələ ordumuzun formalaşmadığı dövrlərdə özünümüdafiə dəstələri yaradan köhnəqışlaqlılar torpaqları düşmənlərdən qoruya biliblər. Böyük itkilər bahasına olsa da kənd sakinləri Köhnəqışlağı bir dəqiqə də olsun belə tərk etməyiblər. Sovetlər dönəmində rayonun Tatlı və Köhnəqışlaq kəndləri arasında yerləşən 8 kilometrlik torpaq sahəsi ermənilərə məxsus idi. Köhnəqışlaqlılar öz kəndlərinə getmək üçün ermənilərə məxsus həmin sahədən keçməli olurdular. Yalnız öz imkanları hesabına düşmənləri həmin ərazidən sıxışdırıb çıxaran köhnəqışlaqlılar indi əziyyətlərinin bəhrəsini görərək qonşu kəndə rahat gedib-gələ bilirlər. Məlumat üçün bildirək ki, kənd dağlıq ərazidə yerləşdiyindən, əkilən məhsulların məhsuldarlığı aşağı olur. İl ərzində əldə edilən məhsul şəxsi istehlaka belə çatmır. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ölkəyə gətirilən cins mal-qaradan güzəştli şərtlərlə kənd camaatına da paylamaq olar. Bu həm də maldarlığın inkişafının və kənd camaatının maddi rifahının yaxşılaşmasına səbəb olar. Onda bu əsl dövlət qayğısı olardı. Hal-hazırda heyvanları dağlardakı otlaqlara aparmaq təhlükəlidir. İnsanlar və heyvanlar düşmən snayperi ilə üz-üzədir. Otlaq sahələri minalıdır. Təbiətin bu kəndə bəxş etdiklərindən kəndçilər faktiki olaraq istifadə edə bilmirlər. Bulaqlar düşmən nişangahında olduğundan, içməli su problemi çözülməlidir. Onu da nəzərinizə çatdırım ki, komunal xərcləri ödəmək iqtidarında olmayan köhnəqışlaqlılar gecələr işıq yandıra bilmirlər. Qonşu düşmən kəndi - Ermənistan Respublikası Berd (Şəmşəddin) rayonunun Paravakar kəndində isə, işıqlar səhərəcən bərq vurur. Köhnəqışlaq isə gecələr qəbristanlığı xatırladır. Rayon Elektrik Şəbəkə İdarəsi tərəfindən heç küçələr belə işıqlandırılmır. Halbuki, bu kənd rayonun ən starteji ərazisidir. Şəraitsizlikdən gənclər kəndi kütləvi şəkildə, ailələri ilə birlikdə tərk edirlər. Yaxşı yaşamaq həsrəti ilə ölkənin böyük şəhərlərinə üz tuturlar. Оnu da bildirək ki, tək rayon üçün deyil, bütövlükdə ölkə üçün strateji mövqeyə malik Köhnəqışlaq kəndi düşmən qarşısında mərdliklə dayanmasaydı bu gün rayon icra hakimiyyətinin məsul vəzifə sahibləri öz isti kabinetlərində rahat əyləşə bilməzdilər.
Şakir Məmmədov, Ağstafa rayon Köhnəqışlaq kənd sakini
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?