“Pərviz, möhkəm ol. Gözün arxada qalmasın. İlahədən, Zeynəbdən nigaran qalma. Mən varam. Əsas sənsən, səbrli ol. Hər şey yaxşı olacaq inşallah”.
Pərviz Həşimli qaynının qətlindən yazdı...
Bu sözləri mənə həbs olduğum ilk günlərdə Səbail məhkəməsinin qarşısında demişdi Kamal. O zaman qardaşlarım Zaminin, Şamonun yanında o da vardı. İlahəyə məktubumda Kamalın bu sözlərini xatırladaraq iki yox, üç qardaşım olduğunu yazmışdım. Doğurdan da o bu gün ağır günlərimdə mənə əsl qardaş olub. Həbsdə olduğun bu bir ildə övladlarımı öz övladlarından ayırmadı. Hər gün bacısının yanında oldu. Ailəmə dəstək verdi. Hər dəfə vəkilim Bəhruzdan xəbər yollayırdı ki, gözüm arxada qalmasın. Bəhruz onunla hər söhbətdən sonra, “Kamal kimi qaynın var. Uşaqlardan nigaran olma” - deyə mənə təsəlli verib. Onun adı Kamal olsa da doğmaları, dostları Qaqaş deyə çağırırdı. O qədər təmizqəlbli, təvazökar, istiqanlı oğlan idi ki, hamının qaqaşına çevrilmişdi Kamal. Onunda yeznə-qayın qohumluğumuz qısa müddətdən sonra dostluğa çevrildi… Özünü gözləyirdim, ölüm xəbərini aldım. Onun yoxluğuna inanmıram, inanmayacam da. O hər zaman sözünü tutan, dürüst olub. Mənə də sözü var. Mənə gözün geridə qalmasın deyib. Azadlığıma qovuşana qədər bacısına, hələ körpə yaşında itirdiyi əziz anasının adını daşıyan Zeynəbimə arxa-dayaq olacaq. Ölüm xəbərini isə hər gün gördüyüm qarışıq yuxularımdan biri biləcəm. Azadlığıma qovuşanda doğmalarımın içində gözüm onu da axtaracaq. Ruhun şad olsun deməyəcəm, çünki sən yaşayırsan. Mənim gözüm də arxada deyil…!
Redaksiyadan qeyd: Bakı İstintaq Təcridxanasında saxlanılan Pərviz Həşimli yazını vəkili vasitəsilə göndərib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?