Rusiya Dövlət Dumasının deputatı, olimpiya çempionu Alina Kabayeva özünə yeni iş yeri tapıb. O, “Milli Media Qrupu” holdinqi səhmdarlarının təklifini qəbul edərək Direktorlar Şurasına rəhbərlik etməyə razılıq verib.
Virtualaz.org saytının “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Oksana Razumova deyib ki, yaxın günlərdə Direktorlar Şurasının iclası keçiriləcək və A.Kabayevanın təyinatı ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Bu sahə A.Kabayeva üçün yeni deyil. O, 6 il ərzində “Milli Media Qrupu” holdinqi İctimai Şurasına rəhbərlik edib.
“Milli Media Qrupu” Rusiyanın ən böyük özəl media holdinqlərindən biridir. “5-ci kanal”, “Ren-TV” kimi telekanallar bu holdinqə məxsusdur. Qrup “Birinci kanal”ın səhmlərinin 25 faizinə malikdir. “Milli Media Qrupu” həmçinin “News Media” şirkətinin həmsahiblərindən biridir. “Life News” telekanalı, “İzvestiya”, “Jizn”, “Tvoy den” qəzetləri, “Rus xəbərlər xidməti” radiosu “News Media” şirkətinə daxildir.
Qeyd edək ki, Rusiyanın tanınmış gimnastı, Dövlət Dumasının deputatı Alina Kabayeva sentyabrın 15-də deputat mandatından imtina etdiyini bildirib. Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putinlə sevgili olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?