“Gülər Əhmədovanın ata nənəsi Şuşanik adlı eməni olub”
“Məhkəmə prosesi Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin sifarişilə uzadılır”
“Məni quru, əsassız, heç bir mənası olmayan bir ərizə ilə burada 16 aydır girov saxlayırsınız, cinayətləri sübut olunmuşları azadlıqda saxlayırsınız”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Əvəz Zeynallı 16 ay əvvəl Ramiz Mehdiyev tərəfindən əsir götürüldüyünü, onun girovu olduğu müddətdə 2 dəfə yanvarın 20-də “Yanvar şəhidləri”nin xatirəsini yad etmək imkanından məhrum olduğunu səbəb gətirərək, məhkəmə zalında əyləşənləri şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Bu təklif məhkəmə heyəti tərəfindən qəbul edilməsə də, iştirakçılar tərəfindən razılıqla qarşılandı. Hakimin, “belə etməyin, biz yanvarın 20-də şəhidlərimizi yad etmişik. Məhkəmədə buna ehtuiyac yoxdur” iradına baş redaktor, “kim deyir ki, şəhidlərimizin ruhunu ildə bir dəfə, özü də yanvarın 20-da yad etmək lazımdır? Belə qadağa var? Hörmətsizlik eləmək əvəzinə, siz də bu insanlara qoşulub ayağa qalxmalı idiniz...” dedi. Daha sonra Ə.Zeynallı Ankara Dövlət Unuversitetində müəllimi olmuş professor Yahya Taşdələnin ad gününü dəmir barmaqlıqlar arxasından təbrik etdi və onun türk dünyasının dəyərli ziyalılarından biri kimi dəyərləndirdi. Baş redaktor daha bir məsələyə toxundu: “Bu gün bütün qəzetlərin manşet yazısı Gəncənin Polis İdarəsinin rəisi Rasim Musyevin tutduğu vəzifədən istefa verərək azad olunmasından yazır. Bu həmin Rasim Musayevdir ki, “Xural” qəzetinin redaksiyası Ramiz Mehdiyevin əmri ilə talan edilən gün, gecə saat 12-də qardaşımı heç bir səbəb olmadan 8 il çalışdığı işdən azad etmişdi və demişdi ki, “onun qardaşı, hakimiyyətdən yazdığı üçün ona bizim aramızda yer yoxdur”. Bu gün qardaşım Raufun ad günüdür və bu gecə saat 12-də Rasim Musayev eyni şəkildə işdən çıxarıldı. Artıq ona da orada yer yoxdur. Görünür, ədalət olmayan yerdə Allah onu bərpa edir. Ayıb olsun Rasim Musayevə və onun arxasında duran mütəşəkkil cinayətkar şəbəkəyə ki, sifarişlə insanların ailəsinə təzyiq göstərib, kimlərəsə möhtac etməyə çalışırlar... ” İlk iclasda verdiyi vəsatəti məhkəmə heyətinə xatırladan Ə.Zeynallı, “yadınızdadırsa, o zaman “mənim işimdə olan adamların ailəsində erməni olan varsa, mənim prosesimdə iştirak etməsin” demişdim. Çünki mənim üzərimə gələnlərin ailələrində ermənilər var. O zaman mənim dediklərimi siz də təəccüblə qarşıladınız. İndi Sevinc Babayevanın Elşad Abdullayevlə son videosöhbəti açıqlanıb və məlum olub ki, Gülər Əhmədovanın ata nənəsi Şuşanik adlı eməni olub. Heç bir zaman milli, dini, irqi ayrıseçkilik eləməmişəm – bunu hamı bilir. Elə erməni vətəndaşlar var ki, mənim burada üzüməduranlardan daha səmimidirlər. Bunu deməkdə məqsədim odur ki, burada ilk iclaslarda dediklərim öz təsdiqini tapır.” Daha sonra Ə.Zeynallı yeni vəsatətlə çıxış etdi: “16 aydır ki, PA rəhbəri Ramiz Mehdiyev tərəfindən əsir götürülmüşəm və onun cinayətkar şəbəkəsi tərəfindən Bakı İstintaq Təcridxanasında girov saxlanılıram. 9-cu aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə əvəzinə əslində məzhəkə prosesi keçirilir. Məni mühakimə edənlər min cür üsullardan istifadə edirlər ki, məhkəmə prosesini Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin sifarişilə uzatsınlar. Bu cinayətkar şəbəkə bununla yekunlaşmır. Onlar məni zəhərləmək, mənəvi-psixoloji cəhətdən sıradan çıxarmaq, əsəb sistemlərimlə oynamaq üçün dəridən-qabıqdan çıxırlar. Bunun ən bariz nümunəsi prosesin prokuroru Ramazan Hadıyevdir. O sabiq deputat Gülər Əhmədovanın Sevinc Babayevaya verdiyi öldürücü təsiri olan zəhər kimi bir şeydir. Hər prosesdə məni əsəbləşdirməyi qarşısına məqsəd qoyan bu adam haqqında dəfələrlə etiraz etsəm də baş prokuror Zakir Qaralova, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Agır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyeə dəfələrlə yazılı müraciət göndərsəm də, bu ədalətsiz, vicdanı hisslərdən uzaq olan, qeyri-obyektiv, qərəzli adamı mənim işimdən uzaqlaşdırmayıblar. Nəinki uzaqlaşdırmaq istəməyiblər, əksinə ona xüsusi təlim keçiblər ki, məni mənəvi-psixoloji cəhətdən sıradan çıxarsınlar. R.Hadıyev bu prosesdə prokuror kimi yox, cinayətkar şəbəkənin üstümə göndərdiyi sui-qəsdçi kimi iştirak edir. Onun qarşısında bir məqsəd qoyulub – məni zəhərləmək! 16.01.2013-cü ildə baş verən prosesdən sonra bu bir daha aydın oldu. Özünün dediyi sözləri belə inkar edən prokuror, həm də yalançı olduğunu göstərdi. Belə prokuror Ramiz Mehdiyevə lazım ola bilər, mən prosesimdə sui-qəsdçi və yalançı məmur görmək istəmirəm. Xahiş edirəm, hər iclasda məni təhdid edən, məni zəhərləmək və sui-qəsd eləmək üçün Ramiz Mehdiyev şəbəkəsi tərəfindən xüsusi göndərilən prokuror R.Hadıyev prosesdən kənarlaşdırılsın. Bunun üçün lazım olan qurum qarşısında təqdimat qaldırılsın”. Ə.Zeynallının etirazları vəkil Elçin Sadıqov tərəfindən də müdafiə olundu: “Möhtərəm hakim, bir neçə proses əvvəl təqsirləndirilən şəxs sual verəndə ki, “mən nə üçün buradayam?” dövlət ittihamçısı ona, “törətdiyiniz əməllərə görə” dedi və bununla da təqsirsizlik prizumpiasını pozmaqla əvvəlcədən işə münasibət bildirib.” Əvəz Zeynallı: Onun baş prokuroru da elədir. İşi araşdırmadan sifarişli həbslər həyata keçirir. Prokuror Ramazan Hadıyev: Mənim haqqımda kifayət qədər dediniz, baş prokurora keçməyin. Əvəz Zeynallı: Hər kəs öz əməllərinə cavabdehdir. Heç bir cinayət cəzasız qalmır. Prokuror Ramazan Hadıyev: Hər kəs səviyyəsinə uyğun danışır. Əvəz Zeynallı: Bəli. Hər kəs öz səviyyəsində hərəkət edir. Məni quru, əsassız, heç bir mənası olmayan bir ərizə ilə burada 16 aydır girov saxlayırsınız, xeyir ola, niyə cinayətləri sübut olunmuşları azadlıqda saxlayırsınız? Prokuror Ramazan Hadıyev Əvəz Zeynallının onun işdən uzaqlaşdırılması ilə bağlı qaldırdığı vəsatətin rədd olunmasını istədi və etiraz etdi ki, Ə.Zeynallı Azərbaycanda mütəşəkkil cinayətkar dəstələrin ünvanına sözlər səsləndirir, halbuki elə dəstələrin fəaliyyətinin qarşısı artıq bir neçə il əvvəl alınıb: “Azərbaycanda mütəşəkkil cinayətkar dəstə yoxdur!” Prokurorun bu sözləri zalda gülüşlə qarşılandı. Daha sonra Ə.Zeynallının PA rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun, eləcə də Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun, KQMİ-nin müstəntiqi Qabil Qasımovun, işlə əlaqədar istintaqda göstərilən tarixlərdə Nərimanov rayon məhkəməsinin sədri olan Ağababa Babayevin, 2005-2006-cı illərdə Nərimanov rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışmış Mübariz Süleymnovun şahid qismində məhkəməyə gətizdirilməsi haqda vəsatətləri birmənalı olaraq qəbul olunmadı. Məhkəmə G.Əhmədovanın istintaq materiallarında adını tez-tez hallandırdığı Nigar Almanqızının isə hazırda Türkiyədə ailə quraraq yaşamasını səbəb gətirərək, onun məhkəməyə gətirilməsini Ə.Zeynallıya həvalə etmək istədi. Baş redaktor buna etiraz etdi: “Bu istintaqın və ittiham tərəfinin işidir. Onlar bu müddət ərzində həmin adamı tapıb, ifadəsini almalı idilər. Mən bu qəfəsliyin arxasında dövlətin əvəzinə dövlətçilik edib bu xanımı Türkiyədən bura gətizdirə bilmərəm ki? Dövlət ona təminat verməlidir ki, o bura gələrsə həyatı üçün G.Əhmədova tərəfindən heç bir təhlükə olmayacaq, yol xərcini ödəyib bura gətirməlidir. Mənim o cür imkanlarım var, bəyəm?” Bu vəsatət də tam baxılmamış qaldı. Hakimlər yerlərində apardıqları müşavirədən sonra Ədliyyə Nazirliyinin Baş Ekspertiza İdarəsinin ekspertləri E.Əliyev və İ.Quliyevanın, eləcə də jurnalist Aynur İmranovanın şahid qismində məhkəməyə gətirilməsilə bağlı vəsatəti qəbul etdi. Hakim Ramella Allahverdiyeva bir çox əsaslı məsələlərə də məhkəmə başa çatarkən müşavirə otağında qiymət veriləcəyini dedi. Lakin onun bu vədi Ə.Zeynallı tərəfindən narazılıqla qarşılandı: “Siz hər dəfə məsələ qəlizləşəndə müşavirə otağında müzakirə olunacağından danışırsınız. Yəqin o otaqda da telefon var və sizə onun vasitəsilə nə tapşırıq verəcəklərsə, o hökmü də mənə oxuyacaqsınız...” dedi. Məhkəmə növbəti prosesi 2013-cü il yanvarın 30-a saat 14.00-a təyin etdi. Elçin Əmirov
Sorğu
Yeni dizaynımız necədir?