Hacıbala Abutalıbovun adamı olan Zülfəli İsmayılov “Qış bulvarı” adı ilə evləri söküb satır
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov və nümayəndəsi Zülfəli İsmayılov “Qış bulvarı” adı ilə vətəndaşlara qarşı vandalizmi davam etdirir. “Qış bulvarı” layihəsinə dəxli olmayan evlər sökülür. Meriya bunu Bakının Baş Planı və “Qış bulvarı” layihəsi adı ilə icra edir. Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrindəki yaşayış binaları bu layihəyə görə yerlə-yeksan olunur. Dünən M.Əliyev və D.Əliyeva küçələrində yaşayanlar etiraz etdilər. Onlar evlərindən normal kompensasiya veriləcəyindən sonra çıxacaqlarını dedilər. Sakinlərin sözlərinə görə, mənzil sahibləri evlərini tərk edənə qədər söküntüyə başlana bilməz. Bu barədə məhkəmə qərarı olduğunu deyən M.Əliyev 236 və D.Əliyeva 183-də yaşayan vətəndaşlar qeyd etdilər ki, Abutalıbovun nümayəndəsi Z.İsmayılov özbaşınalıq edir. Vətəndaşlara söküntünün aparılacağı barədə heç bir sərəncam təqdim olunmur. Narazı mülkiyyət sahibləri əlavə etdilər ki, kimin imkanı varsa ona 1700-2000 manatdan kompensasiya ödənilir: “Kimin Abutalıbova əli çatır, adamı var onlara yaxşı pul ödənir. Zülfəli İsmayılov deyir ki, kvadratına 1500 manatdan artıq verilməyəcək. Hara istəyirsiniz şikayət edin”. Sakinlər söylədilər ki, Z.İsmayılov evləri öz adına keçirir. Məlumata görə, əhali burdan tamamilə köçürüləndən sonra yeni binaların inşasına başlanacaq. D.Əliyeva 183-də yaşayan Solmaz Qafarova səksəkə içində yaşayır. Onun sözlərinə görə, Z.İsmayılov fəhlələrə öyrədir ki, kommunal xətləri kəssinlər və bundan bezən vətəndaşlar evlərini məcburən tərk etsinlər. S.Qafarova sözügedən ünvanda yaşayan yeganə sakindir. O, İqtisad məhkəməsinə müraciət edib və söküntünün dayandırılması barədə qərar çıxarılıb. Ancaq Z.İsmayılovun adamları məhkəmə qərarına məhəl qoymadan gecə-gündüz binanın dağıdırlar. S.Qafarova isə bazar qiymətinə uyğun kompensasiya verilməsini tələb edir. O, yerli məhkəmələrdə mülkiyyət hüquqlarını bərpa edə bilməsə Avropa Məhkəməsinə üz tutmağı planlaşdırır. Şikayətçi deyir ki, yoldaşı və özü illər boyu dövlətə xidmət ediblər: “Bu da dövlətin bizə verdiyi qiymət. Nə gecə, nə gündüz evdə oturmaq olur. Fəhlələr daş-kəsəyi, toz-torpağı başımıza tökürlər. Mənim tələbim budur ki, evimizin sökülməsi barədə sərəncam göstərilsin, kompensasiya düzgün verilsin”. A.Ağasoy
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?