Məhkəmə Xızıda qətl törədən 38 yaşlı kişiyə 14 il cəza kəsdi
Qətl hadisəsi törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1977-ci il təvəllüdlü Rahib Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, bu il yanvarın 28-də Xızı rayonunda Rahib Əliyev “Makarov” markalı tapancadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib. O, daha sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb və könüllü olaraq Xızı Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Hadisə ilə əlaqədar istintaq-əməliyyat qrupu müayinə apararaq gilizləri aşkar edib, qan nümünələri götürülməklə yanaşı şahidlər sorğu-sual edilib. İlkin dindirmə zamanı Əliyev göstərib ki, Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürüb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansizlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silhaı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Rahib Əliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Rahib Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. O, 90-cı illərdə Cəbrayıl rayonu işğal olunandan sonra ailə
üzvləri ilə Nərimanov rayonunda yataqxanada məskünlaşdığını, 2005-ci ildə Xızı rayon sakini Aytən Nəsirova ilə evləndiyini bildirib. Onun sözlərinə görə, yanvarın 24-də arvadı uşaqlarla ondan xəbərsiz rayona, atasının evinə gedib: “Arvadım bir gündən sonra övladlarımı orada qoyaraq Bakıda yaşayan xalasının evinə gəlib. Həmin gün qayınatam qızının axtarışına başlayıb və mənə də zəng edərək, Aytənin heç nə demədən evdən çıxıb, getməsini bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu ərəfədə qonşusu Ceyhun Məmmədov arvadı ilə bağlı maraqlı bir əhvalat danışıb: “Ötən ilin yayında neft daşlarında işdə olarkən bizim mənzilində naməlum şəxs gecələyib. Səhər gedəndə isə Ceyhun həmin adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb və bu mənzildə nə elədiyini soruşub. Cavabında həmin şəxs bunun şəxsi işi olduğunu bildirib, aralarında sözlü mübahisə yaranıb, həmin an digər qonşum Mənsur həmin şəxsi telefonuna çəkib. Danışıq əsnasında həmin şəxs Xızıdan olduğunu deyib, Ceyhun isə onu xəbərdar edib ki, o birdə bu ərazidə görsənsə həmin görüntü qadının ərinə veriləcək. Həmin vaxtdan Ceyhun bu haqda mənə danışmaqdan çəkinib və buna görə məndən üzr istəyib. Təkidim ilə Ceyhun Məmmədov telefondaki görüntünü mənə göstərdi. Həmin gün Qarabağ münaqişəsi vaxtından gətirdiyim və evdə saxladığmı tapancanı götürərək qayınatamın evinə yollandım Qayınatama telefonuma köçürdüyüm naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuma toxunduğunu bildirdim. Yaxın adamların köməkliyi ilə müəyyən etdim ki, həmin şəxs rayon sakini Osman Şirinovdur. Səhəri gün heç kimə heç nə demədən evdən çıxdım və mərkəzi bazarın yanında ticarətlə məşğul olan Osman Şirinova məxsus marketə gəldim. İçəri daxil olan həmin adamdan soruşdum ki, həqiqətənmi onun adı Osmandır. Sonuncu bunu təsdiqlədi, nə baş verdiyini soruşdu. Hazır vəziyyətdə saxladığım tapancanı ona tuşlayaraq 3 dəfə atəş açdım və sonra isə taksiyə əyləşərək qayınatamın evinə gəldim”.
Zərərçəkən Hüseyn Şirinov ifadəsində göstərib ki, onun oğlunun təqsirləndirilən şəxsin danışdıqlarına heç bir aidiyyatı yoxdur və bütün bunlar sadəcə şərdir.
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
Sorğu
Yeni dizaynımız necədir?