Ərəstun Oruclu: “Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına cəhd ola bilər”
Son günlər Ermənistan cəmiyyətində anti Rusiya əhvalı yüksəlib. Ekspertlər bunu daha çox aprelin 2-5-də cəbhədə baş verən müharibə, bu prosesdə Rusiyanın Ermənistana açıq dəstək verməməsi ilə izah edirlər. Artıq İrəvanda Rusiya əleyhinə aksiyalar başlayıb, Rusiya səfirliyi yumurta atəşinə hədəf olub. Görünən budur ki, son 25 ildə ilk dəfə olaraq İrəvan-Moskva müttəfiqliyində çatlar meydana gəlib. Bu iki ölkənin bundan sonrakı münasibətləri xüsusi maraq doğurur. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə müsahibə əsasən bu mövzuda olub.
- Ərəstun bəy, 2-5 apreldə cəbhədə baş verən hərbi əməliyyatlar Ermənistanın daxili siyasi situasiyasına təsir göstəribmi?
- Şübhəsiz ki, təsir edib. Cəbhə xəttində baş verən hərbi qarşıdurma təkcə Ermənistanın deyil, Azərbaycanın da daxili situasiyasına təsir edib. Lakin nəzərə alın ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edən və həm də hərbi qarşıdurmada diplomatik uğur əldə edən dövlət qismindədir. Odur ki, cəbhədə baş verən hadisələr Azərbaycanın daxili siyasətində özünü göstərmir. Amma ümumi ictimai-siyasi atmosferdə bu görünəcək.
Ermənistana gəldikdə isə vəziyyət göz önündədir. Əvvəla, orada vəziyyət daha acınacaqlıdır. Çünki Ermənistan həm bu hadisələr dönəmində bütün digər məqamlarla yanaşı göründü ki, ənənəvi olan və daimi işə düşən, Azərbaycanı hədələyən xətt görünmədi. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana dəstək ifadə etmədi. Heç şübhəsiz ki, bu məqamın Ermənistanın daxili siyasi situasiyasına təsir etməlidir və edəcək də. Hazırda Ermənistanda güclü anti Rusiya ab-havası müşahidə olunur.
- İrəvanda Rusiya səfirliyi önündə aksiya keçirilib, yüzlərlə insan rəsmi Moskvanı Bakıya silah satmaqda, müttəfiqini dəstəkləməməkdə ittiham edib, diplomatik korpusun binasını yumurta atəşinə tutub. Bunu necə qiymətləndirmək olar?
- Əslində bizim həmişə dediyimiz fikir olub ki, Ermənistanı Rusiyanın əbədi müttəfiqi olaraq qiymətləndirmək doğru deyil. Ən azı ona görə ki, Ermənistanda erməni əhalisinin sayı 3 milyondursa, qərb ölkələrində yaşayan ermənilərin sayı bundan iki dəfə çoxdur. Halbuki qərb ölkələrində yaşayan ermənilər anti Rusiya mövqeyindədir. Onlar daima Ermənistanı qərbə doğru çəkməyə çalışırlar. İndi həm ölkə daxilində olan müəyyən təşkilatların, həm də qərbdə yaşayan ermənilərin əlinə imkan düşüb. Onlar bəyan edirlər ki, Ermənistan Rusiyanın strateji və hərbi müttəfiqi olsa da, əslində Moskva Bakını müasir silahlarla gücləndirir. Bu da, Ermənistanda anti Rusiya ab-havasını artırır. Ancaq məsələ ondadır ki, Rusiya Azərbaycanı silahlandırmır, sadəcə olaraq Azərbaycana silah satıb. Və bunu da pula, gəlirə görə edib. Burada bir məqsəd də, hərbi silah-sursat baxımından Qarabağı nəzarətdə saxlamaq istəyidir. Bütün bunların fonunda Ermənistanda baş verənlər və bundan sonra verəcək hadisələr gözlənilən olmalıdır. Hazırda erməni cəmiyyətində Rusiyaya xoş əhval yoxdur. Bu proses Gümrüdə ki, rus əsgərinin erməni ailəsini güllələməsindən sonra baş verib. Bu hadisəyə görə böyük mitinqlər keçirildi. İndi baş verənlər erməni cəmiyyətində anti Rusiya havasını bir qədər də gücləndirməkdədir. Təbii ki, Ermənistanda rusiyapərəst qüvvələrdə var və fəaliyyət göstərirlər.
- İndi erməni cəmiyyətində və siyasətində daha çox üstünlük qazanan qüvvələr qərbpərəstlərdir, yoxsa ruspərəstlər?
- Bu saat Ermənistanda ruspərəstlərin ortaya qoyacağı ciddi arqumentləri yoxdur. Bu gün əsas güc anti Rusiya mövqeyində olan cəmiyyətin qərbpərəst kəsimindədir. Bu açıq-aydın görünür.
- Ermənistanda siyasi proseslər bundan sonra hansı seqmentlər üzrə inkişaf edə bilər?
- Mən düşünürəm ki, indi ən başlıca ssenari prezident Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına cəhd ola bilər. Təsadüfi deyil ki, Sərkisyan son zamanlar intensiv formada müdafiə naziri ilə əlaqələr qurur, onların ayağına gedir, Təhlükəsizlik Şurasının iclaslarını çağırır. Üstəlik əsas müxalifət lideri Levon Terpetrosiyanla da görüşərək müzakirələr aparıb. Bunlar göstərir ki, Ermənistanda buludlar əsasən Sərkisyanın başı üzərində cəmləşir. Bu mənada onu hakimiyyətdən uzaqlaşdırmaq üçün cəhdlər ola bilər. Və ya qarşıdan gələn seçkilərdə onun seçkiyə qatılmamasına nail olmaq istəyi ortaya çıxa bilər.
- Digər sabiq prezident Köçəriyanın bu proseslərdə iştirakı hansı formatda ola bilər?
- Mətbuatın yazdığına görə, Köçəriyan prezident Sarkisyanla görüşməkdən imtina edib. Bu da, təbiidir. Çünki Köçəriyan prezident Sarkisyanın yerinə iddia edən və prezident Putin komandası tərəfindən ciddi dəstəklənən şəxsdir.
- Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) toplantısına prezident Sarkisiyan deyil, baş nazir Hovik Abrahamyan iştirak edir. Bu, sizcə proseslərin maraqlı detalı sayıla bilərmi?
- Bu təbiidir. Əslində Sarkisyan hakimiyyətinin Rusiyaya bir etirazıdır.
- Rəsmi İrəvanla rəsmi Moskva arasında münasibətlərin gərgin olduğunu düşünürsünüz?
- Mən bu münasibətlərin gərgin olduğunu aylar öncə demişəm. Hətta münasibətlər o qədər gərgin oldu ki, prezident Putin sonuncu dəfə Ermənistana səfər edərkən İrəvan aeroportunda deyil, Gümrüdə yerə endi. Bu münasibətlər hər zaman gərgin olub və hazırda özünün klumunasiya nöqtəsinə çatıb. Bu baxımdan istisna etmirəm ki, İrəvanda Rusiya səfirliyinin qarşısında keçirilən aksiyanın arxasında Sarkisiyan və onun komandası var.
- Sarkisiyanın hakimiyyətdən götürülməsi üçün imkanlar və resurslar varmı?
- Rusiyanın Ermənistandakı ictimai-siyasi kəsimə, hərbi komandaya kifayət qədər təsiri var. Ancaq, indiki məqamda buna getmək Rusiyaya lazımdırmı sualına cavab vermək daha vacibdir. Bu addımın atılması Ermənistanda ictimai-siyasi sabitliyin pozulmasına gətirər, atəşkəsin növbəti dəfə pozulmasına səbəb olar. Bunun da, nələrə səbəb olacağını biz aprelin əvvəllərində gördük. Bu mənada düşünürəm ki, Rusiya bir qədər ehtiyatlı davranmağa üstünlük verəcək.
- Qeyd etdiyiniz ki, erməni diasporasının təsiri heç də az deyil. Sizcə, indiki məqamda erməni diasporunun mövqeyi nədən ibarətdir?
- İndiki şəraitdə diaspora ortaya mövqe qoymayacaq. Əgər Sarkisiyan və Köçəriyan tandemindən seçim etmək məsələsi ortaya çıxacaqsa, diaspora bu məsələdə ehtiyatlı davranacaq. Düşünəcəklər ki, bu fiqurların hər ikisi Rusiyaya bağlıdır. Sadəcə ayrı-ayrı qruplarla işləyirlər. Məsələn, Sarkisiyan daha çox hərbi sənaye kompleksinə bağlıdır. Bu dairəni Rusiyada təmsil edən əsas fiqur baş nazir Medvedevdir. Robert Köçəriyan isə daha çox Kremlə bağlıdır. Bu mənada Ermənistanda gedən proseslər həm də Rusiyada gedən proseslərin bir hissəsidir.
- Bir sıra mütəxəssislər hesab edirlər ki, əslində erməni hakimiyyəti, müxalifət və diasporu sonda zərbəni bir hədəfə vururlar və bu da gerçək erməni siyasətidir. Sizcə, erməniçilik ideologiyasında indi bu qüvvələr sonda eyni hədəfə köklənməyib?
- Bu ümumiləşdirilmiş yanaşmadır. Heç bir vaxt hamı eyni hədəfə vura bilməz. Bəli, erməni dövlətçiliyinin qorunmasında, onun digər ölkələrin ərazisi hesabına genişlənməsi məsələsində şübhəsiz ki, bu qüvvələr erməniçilik mövqeyindən çıxış edirlər. Buna heç bir şübhə yoxdur. Ancaq məsələ ondadır ki, bu məqsədə çatmağın yollarında onların fərqli baxışları var və ziddiyyətlərdə burdan yaranır. Deməli bizim gördüyümüz sadəcə ilkin görüntüdür.
- Yeri gəlmişkən, siz Levon Terpetrosiyan fiqurunu kənara qoyaraq əsasən Sərkisiyan və Köçəriyanın imkanlarını qiymətləndirirsiniz. Ermənistan siyasətində Terpetrosiyan güclü tərəf deyil?
- Levon Terpetrosiyanın imkanları yüksəkdir. Hadisələrdə bunu göstərir. Prezident Sarkisiyan ilk olaraq Terpetrosiyanla görüşmək istədi. Bu faktiki olaraq Terpetrosiyanın güclənməsi deməkdir. Prezidentin gedib onunla görüşməsi cəmiyyətə ciddi mesajdır. Cəmiyyətin böyük hissəsi isə Terpetrosiyanı müdafiə edir.
- Ermənistanda indiki gərgin daxili vəziyyət və üstəlik Rusiya ilə münasibətlərin kritik həddə olması fonunda müxalifətin hakimiyyəti götürmək imkanları varmı?
- Məncə, növbəti seçkilərdə koalisiya mümkündür, amma bu düşündüyümüz qədər də asan deyil.
- Sirr deyil ki, Ermənistan parlamentli respublika üsul-idarəsinə keçid etdi və burada əsas məqsəd Sarksiyanın baş nazir olaraq iqtidarını davam etdirməsi istəyidir. İndi yaşanan proseslər də göz önündədir. Sizcə prezident Sarkisiyan baş nazir olaraq hakimiyyətini uzada biləcəkmi?
- Əgər Terpetrosiyan tərəfindən və cəmiyyətin müəyyən hissəsindən dəstək alacaqsa, bu ssenari reallaşacaq. Yox əgər belə bir dəstək olmayacaqsa, Sarkisiyanın bu istəyi də baş tutmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?