Bütün ölkə boyu “10 may” tarixinə hazırlıq gedir. Bakıya “Qardaş” olan Sumqayıtda qızğın səliqə-səhman işləri aparılır. Bakı Sumqayıta doğurdanda “Qardaş”dır. Səhər-səhər şəhər zəhmətkeşləri paytaxta üz tutur. Həqiqətən Bakı Sumqayıta yaxın olmasaydı, görəsən bu şəhər əhli dolanışıq dalınca hara gedərdi? Bu baxımdan Bakı “çörəkli” şəhərdir. Nəinki Sumqayıt, bütün bölgələr qaçqın, köçkün-hamı çörəyə Bakıya gəlir. Çörəyin bol olsun, Bakı! “Dostumuz” Eldar Əzizov şəhəri 10 may tarixinə bəzəyir. Bütün mənzil istismar sahələrində çalışan “Sarı Bülbülləri” səfərbər edib, süpürtdürür, boyayır, şəhəri “Ali qonağ”ın pişvazına hazırlayır. Sübut etmək istəyir ki, “işləyir”, can yandırır, güvənc, arxa dayaqdır. Yollara, divarlara çəkilən boya bir yağışa möhtacdır. Sərf olunan pulları selə verir. Nə vecinə? Daş qaldırıb qazanmayıb ki, qədrin bilsin. Xalqın boğazından kəsilib, selə qismət olur. Rejimin xisləti budur: “Dənizə ataram-xalqa vermərəm”. Bu dəfə ibrət götürmüş xalq ümidini “yaz gələr-yonca bitər”ə yox “PAYIZ”a ümidlidir, özü də bir “Qızıl Payız”a. O payız ki, leysan yağışları yer üzündə “NAMƏHRƏM” nə varsa yuyub aparacaq. Heç qoxusu da qalmayacaq. Bu o “Qızıl Payız”dır ki, onda armud yetişir. Yetişmiş armudun yerə düşməsi, İllah da ayaqlar altında qalanda çox pis mənzərə alınır. Başım qarışdı, mətləbdən yayındım. Mənim armudla nə işim var? Armudu da, başqa nəsnələri də elə zaman özü yetişdirir. Əslində təbiət bir çox varlıqların yetişməsini payızın öz ixtiyarına verib. Payız fəslində insanların yaşam tərzi də asan olur. Asan demişkən, artıq Sumqayıtda da “Asan xidmət” açılır. Bundan sonra Sumqayıtda yaşamaq “asan” olacaq. Hər şey “Asan Xidmətin” başındadır. Sumqayıtın 15-ci məhəlləsində sahibkara məxsus binanı “asan”lıqla əlindən alaraq xalq üçün “Asan Xidmət” yeri yaradırlar. E. Əzizov sahibkarlardan “asan”lıqla topladığı vəsait hesabına “Heydər park”da “Heydər Əliyev Mərkəz”i “asan”lıqla başa çatdıra bildi. O gələn qonaqların təsəvvüründə özünü ilin ən yaxşı “İH Başçısı” obrazını “asan”lıqla yarada biləcək. Gələnlər də kosmetik gözəlliyə aldanaraq başçıya “asan”lıqla inanacaq. Hər bir çətin işin, bir “asan” yolu var. Mən sizi yormadan “asan”lıqla bu yazıdan əl çəkirəm. Bunun nəyi pisdir? “Vahid Pəncərə”dən “Asan Xidmət”ə doğru “Can Qardaş”.
Sorğu
Yeni dizaynımız necədir?