Bəşir Atalay Amerika auditoriyası qarşısında çıxış edib
Türkiyə bas nazirinin muavini ölkəsində baş vərən son hadisələri müzakirə etmək üçün Birləşmiş Ştatlarda səfərdədir. O, “Gezi parki”nda bas verənlərlə bağlı əvvəldən səhvlərə yol verildiyini etiraf etsə də, hadisələrin “Türkiyə baharı” kimi qiymətləndirilməsini haqsızlıq adlandırıb. Amerika auditoriyası qarşısında çıxışı edən Türkiyə baş nazirinin müavini Bəşir Atalay bunları deyib. “Biz Türkiyə olaraq, hökumət olaraq Gezi parkı hadisələri başlayandan səhvlərə yol verdik. Polisin etdiyi səhvlər var, bəzi yanlış vəziyyətlər var. Bunlarla bağlı narahatlığımızı dilə gətirdik”.
Baş nazir müavinin sözlərinə görə, Gezi parkı ətrafındakı hadisələr rəsmi Ankara tərəfindən ciddi təhlil edilir və ibrət dərsləri öyrənilir. O, baş nazirin etirazçılarla keçirdiyi görüşlərdən sonra Gəzi parkı ilə bağlı olan ilkin planlardan vaz keçildiyini dedi. Cənab Atalay bu hadisələrin “Türkiyə baharı” kimi qələmə verilməsinə də münasibət bildirdi. O, bu hadisələrin Qərb mətbuatı tərəfindən “Ərəb baharı”nın davamı kimi yozulmasını haqsızlıq adlandırdı:
“Xarici mətbuatda bu hadisələri “Ərəb baharı”nın bir zənciri kimi qələmə vermək cəhdləri oldu. Biz bunu haqsızlıq hesab edirik. Türkiyəyə az da olsa, bələd olanlar bilirlər ki, Türkiyə “Ərəb baharı”nın bir zənciri deyil. Bunu ayırd etmək lazımdır”.
Baş nazirin müavinin sözlərinə görə, Gezi parkı hadisələrini Türk baharının bir parçası kimi görmək müsəlman dünyası üçün demokratiya nümunəsi olan Türkiyəni tanımamaqdan irəli gəlir. Nümayəndə heyətinin digər üzvləri də Amerika mətbuatının Türkiyə üçün böhranlı günlərdə hadisələrə aşırı diqqət və yayım tərzindən gileyləndilər.
Türkiyə XİN-in Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bülənt Aras bunları deyib: “Amerika mediası bu mövzunu lazım olduğundan artıq yayımladı. CNN İnternational başqa heç bir mövzuda və Amerikanın içindən belə 9 saat yayım verməyib. Amma mən burada bir az xəbərçilik refleksi görürəm, burada fürsətdən istifadə etdilər, bir beynəlxalq mükafat qazanmağa çalışacaqlar bəlkə”.
Əlavə edək ki, baş nazirin müavininin ABŞ paytaxtına səfər çərçivəsindəy daxili işlər naziri, Prezidentin Təhlükəsizlik məsələləri üzrə müşaviri, habelə Milli Kəşfiyyat İdarəsinin rəhbər şəxsləri ilə görüşləri planlaşdırılır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?