Məhbus ailələri, vəkillər, hüquq müdafiəçiləri hakimiyyətin mübariz gəncliklə bacara bilməyəcəyini dedi; İsa Qəmbər məhbus analarına “belə mərd və mübariz övladlar yetişdirdiyiniz üçün sizin qarşısında baş əyirik” söylədi Müsavat Gənclər Təşkilatı (MGT) 13 iyul tarixində Müsavat Partiyasının mərəzi qərargahında “Gənc siyasi məhbuslara dəstək” adlı tədbir keçirib. Tədbirin keçirilməsində məqsəd siyasi fəaliyyətlərinə görə qondarma ittihamlarla qanunsuz həbs olunan gənclər, onların müdafiəsi ilə əlaqədar idi.
Tədbiri giriş sözü ilə açan MGT sədrinin müavini Əhəd Məmmədli gənclərin azadlığa çıxması üçün müdafiə işlərinin daha da gücləndirməyin vacibliyini bildirdi: “Bu günkü tədbirin keçirilməsində əsas məqsəd həbs olunan vicdan məhbuslarının müdafiəsi yönündə hansı işləri görməyi müzakirə etməkdir. Hər kəs bu yöndə öz təklifini, fikirlərini bizimlə bölüşsün. Siyasi motivlərlə həbs olunan şəxslərin sayı azalmır. Əgər biri çıxırsa, yerini yenilər doldurur. Bu hakimiyyət insanların gözünü qorxutmaq üçün hər vasitəyə əl atır. Ancaq biz var qüvvəmizlə onların müdafiəsi üçün çalışmalıyıq.”
Çıxış üçün tədbir iştirakçılarına söz verilməzdən öncə partiyanın Gənclər Təşkilatının vicdan məhbusları ilə bağlı hazırladıqları video-rolik nümayiş etdirildi. Sonra çıxış üçün söz “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Kənan Qasımlıya verildi. O, təşkilatın 7 üzvünün həbsdə olduğunu, ancaq bu həbslərin o biri üzvlərini qorxutmağını dilə gətirdi: “Yeddi üzvümüz artıq həbsdədir. Bu dalğa davam da edə bilər. Ancaq boş oturmamalıyıq və bu cür həbslər bizi qorxutmur”.
“Azad Gənclik” təşkilatının idarə heyətinin üzvü Məcid Mərcanlının fikrincə əsas məqsəd hakimiyyəti dəyişməkdir: “Bu həbslər həmişə olub və bundan sonra da olacaq. Birini azad edirlərsə, yerinə digərləri həbs olunur. 2011-ci ildə 2 aprel mitinqinə görə, həbs olunan gənclər indi azadlıqdadır, ancaq əvəzində başqa siyasi məhbuslar içəridədir. Yəni bizim işimiz təkcə müdafiə, tədbirlərin görülməməsi olmamalıdır. Həm də hakimiyyətin dəyişilməsinə nail olmalıyıq. “
Tədbirdə iştirak edən həbsdə olan “Nida”-çı gənc Zaur Qurbanlının anası Səkinə Qurbanlı çıxışa hər kəsə təşəkkürünü bildirməklə başladı. S.Qurbanlı ilk olaraq “Nida”-çı gənclərin müdafiəsi məsələsinə toxundu: “Yerli və beynəlxalq təşkilatlara bu həbslərlə bağlı məlumat verildi, ancaq mən belə hesab edirəm ki, gənclərin müdafiəsi zəifdir. Gənclər yeni tutulanda qəzetlərdə, saytlarda onların həbsi ilə bağlı yazılar çox olurdu, indi isə çox gec-gec yazılır. “Nida” Vətəndaş Hərəkatı yeni yarandığından bu kimi mövzulardan kənarda qalıb. İndi isə həmin bu təşkilatın 600-dən çox üzvü var. Ən fəal üzvləri isə hazırda həbsdədirlər. “Nida”nın 7 üzvü hazırda həbsdədir. Onlardan biri - mənim övladım Zaur Qurbanlı Talassemiya xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin də nə dərəcədə ciddi bir xəstəlik olduğunu hamı bilir. Təsəvvür edin, Zaurda bu xəstəliyin olub-olmamasını sübut edənə qədər, səkkiz dəfə qan analizi götürülüb. Bunun cavabını bizdən gizlətməyə çalışıblar. Bu yaxınlarda jurnalist Nicat Dağların səhhətində çox ciddi problem olduğuna görə ölkə başçısı onun müalicəsinə 50 min manat pul ayırıb. Təbii ki, ona verilən pul ondan, xalqdan oğurlanan puldur. Bu təqdirəlayiq bir addımdır. Təbii ki, bu pulları oğlunun villasını, yaxud da həyat yoldaşının qızıllarının satıb verməyib. Bu pul millətin puldur. Prezident bu addımı mənə elə gəlir ki, seçkiyə görə atıb. Bəs, yaxşı, bu gənclərdən nə istəyirdi? AXCP fəalı Daşqın Məlik də 2-ci qrup əlildir, astma xəstəsidir, bəs bu gənclərə niyə diqqət ayırmır? Bu gün-sabah bu gənclərə nə isə olsa bütün bunlara kim cavab verəcək?
Səkinə Qurbanova Zaurun vəziyyətinin getdikcə pisləşdiyini diqqətə çatdırdı: “Dörd aydır Zaur hava görmür. Onun başına bir iş gəlsə kim cavab verəcək? Biz Zaurun həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair Respublika Prokurorluğuna müraciət etmişik, ancaq alınmayıb. Bu qədər qatı cinayətkardır ki, onu ev dustaqlığına buraxmırlar? Polis nəzarətində qalsın, hətta evimizin qarşısında post qursunlar. Ancaq imkan versinlər ki, onu müalicə etdirək. 12 gündür müraciət etmişik ki, heç olmasa öz həkimimizə icazə versinlər getsin müayinə və müalicə etsin. Bununla bağlı da bir cavab vermirlər. İndi nə etməliyik? Heç olmasa səhhətinə görə Zaurun öz həkiminin Kürdəxanıya getməsini istəmişik, bu da alınmayıb. Bu hakimiyyət Zauru öldürməkmi istəyir?!
Son məhkəməsində Zaur da, mən də azadlığa buraxarlar deyə ümidli idik. Bir neçə saat davam edən məhkəmədə ümidimiz boşa çıxdı. Buna baxmayaraq Zaur çox nikbin idi.”
Daha sonra söz Rəşadət Axundovun anası Mətanət Axundovaya verildi.
M.Axundova dedi ki, hazırda həbsdə olan gənclər bu hakimiyyətə qarşı çox namusla, qeyrətlə, savadla mübarizə aparırlar: “Biz valideynlər həmişə onlara dayaq olacağıq. Mən ümid edirəm ki, balaca Araz Rəşadətin üzünə baxsın. Bu işdə əməyi olan bütün vəkillərə öz minnətdarlığımı bildirirəm. Bizim cəmiyyət, hakimiyyət bu cür övladların qədrini bilməlidir.
Tədbirdə növbəti söz İlkin Rüstəmzadənin bacısı Nərgiz Rüstəmzadəyə verildi. O, İlkinin “Harlem Shake” videosuna görə qanunsuz həbs edildiyini bildirdi: “Ancaq “Harlem Shake” videosunu dünyanın hər yerində çəkirlər. “İrəli” İctimai birliyi də bu videonu çəkib. Niyə gedib onları həbs etmir bu hakimiyyət? Ancaq sübut olunub ki, İlkin bu videonun çəkilişində iştirak etməyib. Sadəcə olaraq bu, hakimiyyətin İlkin də daxil olmaqla, digər “Nida”-çı gənclərə olan qərəzidir”.
N.Rüstəmzadə dedi ki, 1 həftə əvvəl İlkinin belində yaranmış şiş çirk etmişdi: “Təsəvvür edin ki, İlkinə heç bir tibbi müdaxilə olunmadı. Bizə də imkan verilmədi ki, özümüz nə isə edək. İlkin 4 gün kamerasında tək qaldığı müddətdə özü özünü müalicə edib. Belində yaranmış şişi özü plastik bıçaqla deşib çirki çıxartmışdı. Bundan sonra Penitensiar Xidmətdə çalışan İftixar Qurbanov bəyanatında İlkinin azadlıqda olanda belindən əməliyyat olduğunu deyib. Bu, yalandır. İlkin ümumiyyətlə belindən əməliyyat olunmayıb. Bu qədər vicdansızlıq olmaz”.
Bacısı dedi ki, bu yaxınlarda İlkinlə görüşüblər: “Sizin hər birinizə salam söylədi və ona görə heç kəsin narahat olmamasını xahiş etdi”.
N.Rüstəmzadə sonda fikirlərini belə yekunlaşdırdı: “Onu demək istəyirəm ki, siyasi sifarişlə həbs olunan insanlar tezliklə azad olunmalıdır. Onsuz da bu hakimiyyətin axırı yoxdur. Belə bir rejimə qarşı, azadlıq uğrunda olan mitinqlərdə isə çox istərdim hər kəs iştirak etsin”.
Siyasi məhbusların ailə üzvləri çıxış edəndən sonra, Müsavat Partiyası başqanı İsa Qəmbər gənc siyasi məhbuslar haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
İ.Qəmbər dedi ki, gənc siyasi məhbuslarla bağlı məsələ daim diqqət mərkəzində olmalıdır: “Heç vaxt deməyin ki, sizin övladlarınız heç nədən həbs olunublar. Xeyr. Həmin bu gənclər azadlıq uğrunda şərəflə, ləyaqətlə mübarizə apardıqları üçün şərlənərək həbs olunublar. Bəllidir ki, bu sülalə hakimiyyətdən gedəcəyini bildiyi üçün insanları qorxutmaq naminə bu cür həbsləri reallaşdırır. Onlar fəal, prinsipial olduqları üçün indi həbsdədirlər. Əslində bu gənc siyasi məhbuslar digər gənclərə nümunədirlər. Sizin övladlarınız mərdi-mərdanə həbsdədirlər. Biz fədakar anaların qarşısında belə ləyaqətli, şərəfli, mübariz övladlar yetişdirdikləri üçün baş əyirik. Sizin belə prinsipial mövqedə olmağınız övladlarınız üçün çox mühümdür. Onlara da bu lazımdır”.
Daha sonra İ.Qəmbər gənc siyasi məhbusların müdafiəsi məsələsinə toxundu: “Əgər gənclər hazırda həbsdədirlərsə, deməli, yetərincə çalışmamışıq. Biz nə etmək lazımdırsa, maksimum dərəcədə çalışacağıq. Biz nə qədər diqqət etsək də, onların azadlığı bizim fəaliyyətimizdən asılıdır. Bizi həbs edə bilərlər, ancaq hamımızı həbs edə bilməzlər. Hakimiyyət dərk etməlidir ki, bu qədər günahsız insanları siyasi fəaliyyətinə görə həbs etməklərinə baxmayaraq, bu mübarizə davam edir. Onsuz da yaxın zamanlarda hakimiyyət məcburiyyət qarşısında qalıb gəncləri azad edəcək. Bu hakimiyyətin xalqa düşmən olması açıq-aydın ortadadır. Biz bütün günahsız insanların hüquqlarını qorumağa hazırıq.”
Daha sonra söz Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, keçmiş vicdan məhbusu Arif Hacılıya verildi. A.Hacılı gənclərin günahsız həbs olunmasının hamıya aydın olduğunu vurğuladı: “Bu hakimiyyət bu cür gəncləri daim özünə təhlükə bilib. Bu gənclərin xalqlarının gələcəyini düşündükləri üçün həbs olunmaları, bizim gələcəyə inamımızı bir daha artırır. Təbii ki, siz ailələr üçün asan deyil. Bu dəqiqə çətinlik ən çox ailələrin üzərinə düşür, daha sonra məhbusların, sonra da vəkillərin üzərinə düşür. Belə mərd, şərəfli övladlarınız olduğuna görə siz ailə olaraq fəxr etməlisiniz. Baxmayaraq ki, bu gənclər müxtəlif maddələrlə, müxtəlif gündə həbs olunublar, ancaq eyni gündə azad olunacaqlar.”
Keçmiş vicdan məhbusu, hüququ müdafiəçisi Vidadi İsgəndərli də gənc siyasi məhbusların həbsinə öz münasibətini bildirdi. “Mən “NİDA”-çıların ailələrini dinlədim və sevindim. Çünki siz möhkəmsiniz. Sizin möhkəm olmağınız həbsdəkiləri daha da güclü edir. Azərbaycanda siyasi məhbusların sayı çoxdur, hətta heç bir ölkədə bu qədər siyasi məhbus yoxdur. Məgər bu günə qədər bu hakimiyyətə məlum olmayıb ki, sizi sındıra bilməyəcək? Əmin olun ki, qısa müddətdə gənclər azad olunacaqlar. Gənclərin sınmamaqları, hakimiyyəti daha da qəzəbləndirir. Törətdikləri bu əməllərə görə yaxın gələcəkdə cavab verəcəklər.”
Siyasi məhbus, AGT fəalı İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli hüquqlarını müdafiə etdiyi gəncin hüquqlarının qorunmasında heç bir problem olmadığını və problemin Əliyev rejimində olduğunu bildirdi. Vəkil həbs olunan gənclərin siyasi dustaq yox, siyasi girov olduqlarını dedi və bütün siyasi məhbusların eyni gündə azad olunacaqlarını vurğuladı.
Tədbirin sonunda hüquq müdafiəçisi Sədaqət Paşayeva və Müsavat Partiyasının Məclis üzvü, keçmiş vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbaslı gənc siyasi məhbuslar haqqında fikirlərini bölüşdülər.
Hüquq müdafiəçisi Sədaqət Paşayeva gənc siyasi məhbusların müdafiəsi üçün hüquq müdafiəçilərini siyasi kampaniyaya başlamağı təklif etdi: “Mən düşünürəm ki, biz bu yöndə çalışsaq gənclərin müdafiəsi daha da güclü olar. Beynəlxalq Gənclər Təşkilatlarına bu həbslərlə bağlı müraciətlər göndərmək lazımdır”.
S.Paşayeva daha sonra bu hakimiyyətin insanları siyasi fəaliyyətinə görə günahsız həbs etməklərində məqsədin bu mübarizəni ləngitmək olduğunu dedi: “Bu hakimiyyət insanları elə ittihamlarla həbs edirlər ki, hətta Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəndə demək olar ki, 93% şikayət baxılmaz qalır. Hətta bu şikayətə baxanlar da belə ittihamlarla birinci dəfə qarşılaşırlar və bu onlar üçün inanılmaz olur.”
Məclis üzvü Başxanım Abbaslı “bir vaxtlar övladlarımız bizim adımızla tanınırdı, indi biz övladlarımızın adı ilə tanınırıq” deyə övladları ilə fəxr etdiklərini, bu hakimiyyətin onları sındıra bilmədiklərini xüsusi olaraq vurğuladı.
B.Abbasova vəkillərə, hüquq müdafiəçilərinə siyasi məhbusları dəstəklədiklərinə görə öz minnətdarlığını bildirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?