Kənd Təsərrüfatı Nazirliyi ölkənin 37 rayonunda iribuynuzlu mal-qara arasında yayılan bunyavirus xəstələyinə qarşı mübarizə aparmaqda aciz olduqları etiraf edir. Problem həll edilmədikcə tələf olan mal-qaranın sayı hər gün artır. Bəzi işbazlar isə xəstəlikdən qırılan heyvanların leşlərini bazarlara, şadlıq evlərinə, dönərxanalara, ət məhsulları istehsal edən müəssisələrə daşıyır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Bizim Yol»a bildirmişdi ki, leş yığan dəstələr dövlət qurumları tərəfindən himayə olunur, onların Bakıda anbarları, satış şəbəkələri var.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri isə xəstə heyvanların məhsullarının istifadə edilməsində təhlükə görmür. Hətta nazir müavini Aslan Aslanov buna o qədər əmindir ki, xəstə heyvanların ətindən hərbi hissələrdəki əsgərlərin də qidalandığını deməkdən çəkinmir. APA TV-yə açıqlamasında nazir müavini bildirib: “Bu virus insanlara keçmir. Nazir və mən yerlərdə olmuşuq. 220 min baş mal-qaranı sağaltmaq mümkün olub. Biz o ətdən yemişik, şəxsən mən, əsgərlərimiz yeyir, insanlar yeyir, birimizin öldüyünü eşitmisinizmi? Ona görə də deyirəm ki, bu virus insanlara keçmir”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov nazir müavinin bu çıxışının cinayət məsuliyyəti yaratdığını deyir: “Mal-qaranın virusa yoluxduğunu bilə-bilə onun ətinin insanlara satılması cinayət xarakterli bir əməldir. Hərbi hissələr qapalı bir müəssisədir və orada belə bir işi təşkil etməyin özü ağır bir cinayətdir. Bundan əlavə, Aslan Aslanov hardan bilir ki, əsgərlər xəstələnmiş heyvanların ətindən istifadə edib? Deməli, hərbi hissələrlə əlaqəsi var. Hərbi hissələrin ətlə təminatında Aslan Aslanovun əlaqəsinin olduğunu deyirlər. Bu çox ciddi bir araşdırma materialıdır. Bu, nazir müavinin verdiyi açıqlama olduğundan prokurorluq orqanları diqqət yetirməlidir. Hələ bu təhlükə sovuşmayıb”.
V.Məhhərəmov deyir ki, A.Aslanov belə bir açıqlama ilə çıxış etməzdən öncə xəstəliyin növünün araşdırılıb ictimaiyyətə təqdim edilməsinə çalışmalıdır: “Xəstəlik barədə geniş məlumat olmadığından bölgələrdə insanlara keçib-keçmədiyi bəlli deyil. Çünki onun insandakı əlamətləri barədə həkimlərimizin biliyi yoxdur. Belə bir qeyri-müəyyən vaxtda nazir müavinin xəstə heyvanların ətindən həm özünün, həm də əsgərlərin istifadə etdiyini deməsi prokurorluq tərəfindən araşdırılmalıdır. Biz bildirirdik ki, dünya təcrübəsində bu virusundan hərbi məqsədlər üçündə istifadə edilir. Aslan Aslanovun bu çıxışında belə bir iddia artıq qabarır”.
Müdafiə Nazirliyinin mətubat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bu barədə ətraflı məlumatı olmadığından hər hansı bir şərh verməyi düzgün hesab etmir. /Bizim Yol/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?