Leykoz xəstəliyindən müalicə olunan tanınmış jurnalist Nicat Dağlar hazırda Almaniyada ikinci müayinə və müalicə kursundan keçir.
Həmkarımızın ilkin qan analizləri müsbət nəticə verib. Bu barədə musavat.com-un əməkdaşı ilə telefon danışığında N.Dağların özü məlumat verib. Onun sözlərinə görə, ilkin müayinələrin nəticəsindən həkimlər razı qalıblar: “Şükürlər olsun ki, xəstəlik müalicəyə tabe olur. İlkin analizlərin nəticəsi yaxşı çıxdı. Həkimlərin rəyi belə oldu ki, ötən müddət ərzində ciddi irəliləyiş əldə olunub. Tədricən isə digər orqanları - qara ciyər, dalaq, böyrəkləri müayinə edəcəklər. Əsas ilik analizidir ki, onu da gələn həftənin 1-ci günü götürəcəklər. Bu, çox ağır analizdir, sinəmi deşib onurğanın içindən ilik çəkəcəklər. Mən bu dəhşəti bir dəfə yaşamışam. İkincisindən də keçməyə məcburam. Bununla həkimlər müalicənin iliyə necə təsir göstərdiyini müəyyən edəcəklər. Eyni zamanda, qardaşım da bu müayinədən keçəcək. Ondan götürülən ilik analizi isə ehtiyat üçündür. Əgər gələcəkdə mənə ilik köçürülməsinə ehtiyac yaranarsa bu halda qardaşımın donor olması indidən təsdiq olunmalıdır. Ola bilər ki, buna ehtiyac olmasın və ilkin analizlərin nəticəsi də onu göstərdi ki, xəstəlik dərman preparatları ilə müalicə olunur. Amma alman həkimlər ehtiyatı da əldən vermək istəmirlər və çalışırlar ki, hər şey dəqiq olsun”. Qeyd edək ki, N.Dağların müalicə xərcləri prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən qarşılanır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?