Əli Həsənov qaçqın və məcburi köçkünlərdən icra başçısına qarşı istifadə edəcək
gundemxeber.az Sumqayıtda yenidən gərginlik artmaqdadır. Bir müddət əvvəl Gəncədən Sumqayıta trasfer olunan Eldar Əzizov fəaliyyətinə hay-küylə başladı. Şəhəri şöküb-dağıdan icra başçısı artıq yeni söküntü işlərinə başlayır. İcra başçısı tərəfindən qoyulan şərtlərə əməl edilmədiyi üçün artıq bir sıra obyektlərin sökülməsi istiqamətində Eldar Əzizov tapşırıqlar verib. Şərt isə ondan ibarət olub ki, sahibkarlar icra başçısının adamları olan tikinti materialları satan şəxslərdən alkapon almalı imiş. Bununla sahibkarlar mümkün qədər tələblərlə razılaşıb və onların dediyini həyata keçiriblər. Lakin Eldar Əzizov fəaliyyətini bununla yekunlaşdırmaq fikrində deyil. Sumqayıtdakı əsas gəlirli sahələri ələ keçirmək üçün xeyli əvvəldən baş sındıran icra başçısı artıq əlverişli məqamın yarandığı qənaətindədir. Birinci həmlədə kiçik və orta səviyyəli ticarət və iaşə obyektlərinin qarşısında «şərt» qoymağı bacaran icra başçısı, bu dəfə daha böyük pullar üçün mübarizə apardığını nümayiş etdirir. Qəzetimizə daxil olan məlumata görə, icra başçısının tapşırığı ilə yol kənarında yerləşən marketlər də sökülməlidir. Hərçənd həmin market sahibləri bir müddət əvvəl Əzizovun adamları ilə anlaşaraq, problemlərdən xilas olduqlarını düşünürdülər. Ancaq bunun tam əksi baş verib və bir çox sahibkar aldadıldığını başa düşüb. Sumqayıtda əhalinin gur olan yerlərinə yaxınlıqdan keçən yolların kənarındakı marketlərin artıq siyahısı hazırdır. Onların kimə məxsus olduğu, kimin kimləri himayə etməsini göstərdiyi iddia edilən məlumatlar isə cəmləşdikdən sonra konkret addım atılacaq. Qeyd edək ki, Sumqayıtda belə ticarət obyektlərinin sayı heç də az deyil. Onların aylıq dövriyyələri isə milyonlarla manatla ölçülür. Belə olan halda, bu cür gəlirli sahənin əldən çıxarılmaması üçün mübarizə aparmağın vacibliyini icra başçısı anlayıb. Ona görə də, adamlarına göstəriş verib ki, yolkənarında ticarətlə məşğul olan marketlərin bağlanılması istiqamətində addımlar atılmalıdır. Şəhərə bələd olanlar isə deyirlər ki, Eldar Əzizovun atdığı bu addım daha çox «həlledici hücum» məqsədi daşıyır. İndiyə qədər Sumqayıtda iri oliqarxlar və yerli məmurlar əsas gəlirli sahələrə nəzarət edirdisə, bundan sonra icra başçısı həmin funksiyanı həyata keçirməlidir. Maraqlı məqam odur ki, icra başçısı bu addımı atacağı təqdirdə bir neçə nəfərlə üz-üzə qalmalı olacaq. Onlardan biri Sumqayıtın keçmiş meri, hazırda isə Mədəniyyət və Turizm nazirinin müavini postunda çalışan Vaqif Əliyev və “Qaçqınkom” sədri Əli Həsənovdur. Sözügedən şəxslərin hazırda şəhərdə xeyli sayda ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Belə olan təqdirdə, söküntülər zamanı məmurların obyektlərinin zərər görəcəyi şübhəsizdir. Vaqif Əliyev və Əli Həsənov bununla barışmayacaq və mümkün təsir imkanlarından yararlanmağa çalışacaqlar. O zaman tərəflərin üz-üzə gəlməsi qaçılmaz olacaq. Eldar Əzizovun əlindən əziyyət çəkmiş digər sahibkarlar əsas narazı fiqura qoşulacaqlar. Deyilənlərə görə isə Əli Həsənov Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərdən Eldar Əzizova qarşı istifadə edəcək. Belə olduğu təqdirdə isə Sumqayıtda Quba hadisələri yaşana bilər. Eldar Əzizovun rəqibləri onu devirmək üçün müəyyən istiqamətlərdə hərəkətə keçəcəklər. Ancaq görünür, icra başçısı heç nədən çəkinmədiyi üçün belə bir addımı atmaqda israrlıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?