“Buna görə stansiyada təmir işləri aparan firma məsuliyyət daşıyır” Metronun “28 May” stansiyasında aparılan yenidənqurma işləri insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Yenicə təmirdən çıxmış stansiyası xokkey meydançasını xatırladır. Stansiyanın döşəmə və pilləkənlərinə sürüşkən qranit piltələr vurulub. Bu qranit piltələr isə olduqca sürüşkən olduğu üçün sərnişinlər əziyyət çəkir.
“28 May”da olub sərnişinlərlə söhbət etdik. Əliyar Məmmədov ad-soyadlı sərnişin deyir ki, bir neçə dəfə ayağı sürüşüb, yıxılmaqdan son anda qurtarıb: “Yerə sürüşkən mərmər döşəməklə düzgün etməyiblər. Bunun sabah qarlı qışı, yağışlı havası var. Yerə mərmər döşəyərkən bunları düşünmürdülər ki, yıxılıb camaatın başı gözü dağılacaq?!”
Bir neçə dəfə yıxılaraq xəsarət almaq təhlükəsi ilə qarşılaşdığını deyən metro istifadəçisi Nüşabə xanım metroya döşənən örtüyün sökülməsini tələb edir: “Oradan keçmək mümkün deyil. Hələ biz yaşlılar üçün o mərmərin üstü ilə hərəkət etmək daha çətindir. Çünki onun üstü çox sığallıdır, mərmərlərin üstündən keçmək üçün gərək nədənsə tutasan. Mən bu təmir başlayandan iki dəfə yıxılmışam. O mərmərlər divar üçündür, döşəmə üçün deyil”.
Tələbə olduğunu və hər gün metrodan istifadə etdiyini deyən digər sərnişin Aygün xanım da bir dəfə yıxıldığını və bərk əzildiyini dedi: “Hər gün metro ilə dərsə gedib-gəlirəm. Keçən dəfə ayağım sürüşdü yıxıldım. Metronun döşəməsini bu cür sürüşkən etmələrini pisləyirəm. Söküb sürüşkən olmayan bir material döşəsinlər”.
Qranit ən dayanıqlı tikinti materiallarından biri hesab edilir. Tarix boyu arxitektor və mühəndislər qranitə dayanıqlı, aşınmaya məruz qalmayan, rəng və tərkibi pozulmayan material kimi üstünlük veriblər. Qranit keyfiyyəti, rəngi, tərkibi və digər xüsusiyyətlərinə görə unikal olduğundan müxtəlif tip layihələrdə istifadəyə yararlıdır. Ancaq onun metronun döşəməsi üçün istifadə edilməsi düzgün deyil.
Qeyd edək ki, platformalara da sürüşkən mərmər-qranit döşənib. Bu isə metroda hər gün xeyli insanın narahatlıq, həyəcan keçirməsinə səbəb olur.
Bu haqda mətbuatda yazılandan sonra noyabrın 22-də stansiyanın pilləkənlərində sürahi quraşdırılıb. Bundan başqa, pilləkənlərdə sürüşmənin qarşısını alan bəndlər də vurulub. Pilləkəndəki sürüşmə problemi qismən həll olunsa da, stansiyanın platformasındakı sürüşkən döşəmə məsələsi həll olunmayıb.
Onu da xatırladaq ki, stansiyanın təmiri zamanı Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin mozaik pannosu silinmişdi. Təmir işləri yekunlaşdıqdan sonra baraliyefin qoyulacağı deyilsə də, hələ ki, bu deyilənlər özünü doğrultmayıb.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla “Yeni Müsavat”a açıqlamasında bu problemin yaxın günlərdə həll olunacağını dedi. O, bildirdi ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək: ““28 May”da bu cür vəziyyətin yaranmasına görə orada təmir işləri aparan tikinti firması məsuliyyət daşıyır. Sürüşkən yerə məhlul töküləndən sonra hər şey öz qaydasına düşəcək. Sürüşkənliyin qarşısı alınacaq. Artıq orada birinci yolda, “Neftçilər” istiqamətinə gedən sahədə arxa tərəfdən həmin məhlul tökülüb və bu, artıq öz effektini göstərir”.
T.Əhmədov M.Ə.Rəsulzadənin mozaik pannosunun silinməsi məsələsinə gəlincə bildirdi ki, 28 may mövzusunda “yuxarıdan” nə atribut verilsə, onu da stansiyaya vuracaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?