Vətəndaş yerli məmurların əlindən hara üz tutacağını da bilmir
Yerlərdə ayrı-ayrı məmurların vətəndaşları incitmələri, onlara qarşı qanunsuz hərəkətlər etməsi barədə mediada mütəmadi məlumatlar verilir. Bəzən isə bu cür hallardan şikayət etdikdə belə vətəndaş istədiyi və qanuni haqqı olan nəticəni ala bilmir. Belə vətəndaşlarımızdan biri də Hacıqabul rayon sakini Kərim Kərimovdur. Onun “Gündəm Xəbər” redaksiyasına göndərdiyi məktubdan məlum olur ki, problemi rayon su idarəsi ilədir. Daha doğrusu, Hacıqabul Su İdarəsi vətəndaşa problem yaratmaqdan doymur və bunu davamlı təkrarlayır. K.Kərimov bildirir ki, uzun illərdir onunla rayon su idarəsi arasında mübahisələr davam etməkdədir. Belə ki, Su İdarəsinin əvvəkli müdri Mirmuxtar Məmmədov vətəndaşın xəbəri olmadan ailədə qeydiyyatda olub, sonradan çıxan ailə üzvlərinizin hamısının adına özbaşına borc yazıb: “Belə ki, qeyri-qanuni olaraq qonşuluqda yaşayan oğluma 265 AZN, mənə isə 392 AZN su pulu borcu hesablanıb. Məsələ ilə bağlı dəfələrlə su idarəsi ilə əlaqə saxlayıb, bu ailə üzvlərinin burada yaşamadığı haqqında arayışlar təqdim etdim”. Şikayətçi bildirir ki, 2011-ci ilin fevral ayında prezident İlham Əliyevin əhalinin suya olan borcunun bağışlanması haqqında məlum sərəncamından sonra da problem həll edilməyib. Çünki, sonradan rayon su idarəsinə müdir təyin edilən Məhəbbət Nağıyevin zamanında da Kərim Kərimovun qeydiyyatda olmayan ailə üzvlərindən 4 nəfərin adına qanunsuz olaraq yenidən özbaşına borc hesablanmağa başlanıb. Bu dəfə K.Kərimov yeni müdirlə görüşərək vəziyyəti ona danışıb və növbəti dəfə arayışlar təqdim edib. Hazırda Hacıqabulda yeni kart sistemli sayğaclar quraşdırılaraq istifadəyə verildiyini deyən şikayətçi bildirir ki, yeni sistemə su pulu yükləyən zaman məlum olub ki, vaxtilə qanunsuz yazılan borcları kartın balansına yükləyiblər: “Hər dəfə su pulu yüklədikdə məbləğin 70% -i qeyri qanuni yazılmış borca çıxılır. Xatırladım ki, mən təqaudçüyəm və 167 manat təqaud alıram. Məsələ ilə bağlı Azərsu ASC -nin bütün səlahiyyətli nümayəndələrinə səslənərək, qısa bir zamanda səsimə səs verməyi xahiş edirəm. Əks halda ölkə rəhbərinə, Prezidentimə müraciət edəcəyəm. Siz deyin, işlətdiyim suyun pulunu ödəyim yoxsa, özbaşına yazılmış borcun?”. Qeyd edək ki, Hacıqabul sakinin bu məktubuna bir aydan sonra “Azərsu” direktorunun birinci müavini Vəli Həsənovun imzasi ilə cavab gəlib. Cavabda bildirilib ki, müraciətə Birləşmiş Sukanalı MMC-də baxılıb və mütəxəsislər tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmub ki, vətəndaşın su sərfiyyatının hesabatı 2012-ci ilin sentyabr ayından başlayaraq 3 nəfər hesabı ilə aparılır . İndi Kərim Kərimov sual edir: “Niyə bu hesabat 2012-ci ilin sentyabr ayından aparılır? Axı mən su idarəsinə arayışı 2011- ci ilin fevralında təqdim etmişəm. Həm də axı Prezident o zaman hamının su borclarının silinməsinə əmr vermişdi. Elə isə 2011-ci ilin fevralından 2012-ci ilin sentyabr ayına kimi yazılmış artıq qeyri-qanuni borcu kim ödəyəcək? Bəlkə könlünüzdən keçir ki, su idarəsinin səhvi ucbatından yazılmış qanunsuz borcu mən təqaüdümlə ödəyim?”. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?