Azərbaycanda mal-qaranın sayında böyük azalma rəsmi rəqəmlərdə də öz təsdiqini tapıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iribuynuzlu mal-qaranın baş sayı 22,7 min baş azalaraq 2 milyon 684,1 min baş, qoyun və keçilərin baş sayı 126,3 min baş azalaraq 8 milyon 659,2 min baş olub. Bildirilir ki, bu dövrdə diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 milyon ədəd yumurta, 51,7 min ton tərəvəz istehsal olunub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz, tərəvəz istehsalı isə 2,3 dəfə artıb.
2017-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 63,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.
İri və xırda buynuzlu mal-qaranın sayının kəskin azalması ölkədə ət qıtlığının yaranmasına da rəvac verir. Ekspertlər hesab edir ki, ət qıtlığının yaranması monopolistlərin xeyrinə olacaq. Belə ki, xaricdən daha çox məhsul gətirən “işgüzar”lar baha qiymətə bazara təqdim edəcəklər. Bu isə qiymət artımına əsas verən amil olacaq.
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, əgər heyvandarlıqla məşğul olan fermerlərə dəstək verilməsə, ət idxal getdikcə daha da genişlənəcək:
“Ölkənin bu sahədə tələbatı daha çox idxaldan asılı vəziyyətə düşəcək. Azərbaycanda bir statistika ənənəsi var. Komitənin təqdim etdiyi statistik məlumatlar bəlkə də real vəziyyəti əks etdirmir. Hesab edirəm ki, ölkədəki iri və xırdabuynuzlu mal-qaranın sayı daha azdır. Səmərəsiz bitkiləri Azərbaycana gətirməklə və buradakı örüş sahələrində həmin bitkiləri əkməklə, fermerləri həmin ərazilərdən qovub çıxartdılar. Dövlət fondunun minlərlə hektar torpaqlar sahələrində pambıq, soya kimi bitkilər becərir, eksperimentlər aparırlar. Əgər Azərbaycan hökuməti kənd təsərrüfatını inkişaf etdirmək istəyirsə, eksperimentləri bir yana qoyub, ənənəvi sahəni prioritet kimi təsdiqləməlidir. Biz demirik ki, idxal ümumiyyətlə, dayandırılmalıdır. Amma məsələ ondadır ki, Azərbaycanın daxili tələbatı ödəmə potensialı ola-ola, bu sahəni sıradan çıxarıb, ölkənin idxaldan asılı vəziyyətə salırlar. Təcrübələri məhdud sayda, bir neçə il ərzində aparmaq olar. Əgər səmərə verərsə, həmin sahələri genişləndirmək mümkündür. Amma birdən-birə heç bir gözlənti olmadan bu qədər sahələri boşaldıb zorla pambıq, soya, hətta taxıl, eləcə də digər bitkilər əkdirmək olmaz. Azərbaycanda taxıl sahəsi də spekulyasiya olunur. Guya, illərdir ki, taxıl istehsalı genişləndirilir. Amma digər tərəfdən un idxalı ölkə tələbatının 80 faizi qədərdir. Perspektivini bilmədiyimiz sahənin ölkədə tətbiqinə başlayırıq. Hesab edirəm ki, hökumət fermerlərin tələbatına uyğun işlər görməlidir. İşi fermerlər qurmalıdır, dövlət isə onlara kömək etməlidir”.
Akif Nəsirli fikirlərinə onu da əlavə edib ki, Kənd təsərrüfatı naziri Heydər Əsədov nazir təyin olunandan bəri onun bu sahənin inkişafı istiqamətindəki dəsti-xəttini bəyənməyib:
“Ümumiyyətlə, hökumətin bu sahədəki siyasətini həyata keçirən nazirlik kənd təsərrüfatının inkişafı ilə məşğul olmur. Bəzi görüntü xarakterli işlər görsələr də, bunların kənd təsərrüfatının inkişafına heç bir aidiyyəti yoxdur. 2015-ci ili kənd təsərrüfatı ili elan edildiyi vaxt 54 rayonda kənd təsərrüfatı idarələri yaradıldı. Hər bir idarə üçün bir bina da inşa olundu. Bunun üçün də büdcədən milyonlarla vəsait xərcləndi. İndi həmin idarələr nə işlə məşğuldur? 5-10 işçisi var, onlar da ancaq maaş almaqla məşğuldur. Bu idarələrə tələbat var idimi?
Həmçinin, bir neçə il bundan öncə rayonlarda məhsulları uzun zaman saxlamaq üçün nəzərdə tutulmuş soyuducu saxlama kameraları tikdilər. İndi həmin saxlama kameralının 90 faizi boş qalıb. Bu soyuduculara ehtiyac vardımı? Biz tələbata uyğun hərəkət etməliyik, o tələbatı da Kənd Təsərrüfatı Nazirliyi öyrənməlidir. Ümumiyyətlə, birinci, hökumətin bu istiqamətdə ciddi tapşırıqları olmalıdır. Nazirlik də bu yöndə monitorinqlər keçirməli, müşahidələr aparıb tələbatı öyrənməlidir. Bu sahədə fermerləri düşündürən sualların hamısına Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyəti ilə cavab verməlidir. Amma çox təəssüf ki, hələlik biz bunun şahidi olmuruq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?