"TALEH QULİYEV QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN RAYON ÜZRƏ NÜMAYƏNDƏSİ TAHİR ƏLİYEVLƏ CİNAYƏT ƏLAQƏSİNƏ GİRƏRƏK, DÖVLƏT ADINDAN VERİLƏN MƏHKƏMƏ QƏTNAMƏSİNİN İCRASINA İMKAN VERMİR!"
Bu yazı, araz.az saytının əməkdaşları tərəfindən, İsmayıllı şəhər, H. Zərdabi küçəsi, ev, 10 ünvanında yaşayan Elvin Babaverdi oğlu Hacızadənin ölkə başçısına ünvanlandığı şikayət xarakterli müraciəti əsasında hazırlanıb. Şikayətçinin etirazı, əsasən, atası Babaverdi Piralı oğlu Hacıyevə məxsus İsmayıllı şəhər, M. Müşviq küçəsi, 21 ünvanında yerləşən xususi mülkiyyətinin tamamı ilə boşaldılaraq, atasının sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 iş nömrəli qətnaməsinin üç ildir icra olunmaması barədədir. "Səbəb kimi, o göstərilir ki, cavabdehlər Barat Fərhad oğlu Qasımov, Şüküfə Telman qızı Novruzova, Fərhad Barat oğlu Qasımlı və Nərgiz Barat qızı Qasımlı Cəbrayıl rayonundan məcbur köçkün olduqlarına görə, 1997-ci ildən atam Babaverdi Hacıyevin xususi mülkiyyətində olan həmin evində yaşayırlar.
Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən, 1998-ci ilə kimi qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları evlərdən və binalardan çıxarılması qadağan edilib," -- şikayətçi məktubunda deyilir. Şikayətçi öz məktubunda onu da qeyd edir ki İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin bu barədə onlara verdikləri cavab da tam qanunsuz və əsassız olub: "Çünki bu ailə atamın xususi mülkiyyətində olan evdə 2001-ci ildən müvvəqəti yaşayır. Bunu subut edən tutarlı rəsmi sənədlərimiz də var. Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2000-ci il tarixli arayışa əsasən, cavabdehlər Barat Fərhad oğlu Qasımov və onun ailə üzvləri atamın xususi mülkiyyətində olan M. Müşviq küçəsi, 21 ünvanında yox, bu şəhərin Nizami küçəsindəki beş saylı evdə yaşayıblar. Bütün bunlara baxmayaraq, İsmayıllı İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevlə cinayət əlaqəsinə girərək, onun verdiyi saxta sənədi əsas götürüb, Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsini indiyədək icra etmir. Atam Babaverdi Piralı oğlu Hacıyev bu iki vəzifəli şəxsin etdikləri cinayətlərinə dözməyərək, insulit keçirib və bir müddət reanimasiyada qalaraq, dünyasını dəyişib. Onun varisi kimi, mənim aidiyyatı üzrə orqanlara müraciətimdən sonra, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin 17 may 2019-cu il tarixli məktubu ilə, Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərardadı icra olunması üçün, yəni şəxsi mülkiyyətimizdə olan evin cavabdehlər Barat Qasımov və onun ailə üzvüləri tərəfindən boşaldılması, mənim istifadəmə və sahibliyimə verilməsi üçün icra vərəqəsi üzrə işin təyinatı 23 may 2019-cu il tarixində saat 14.30-a təyin olunmuşdu. 23 may 2019-cu il saat 14.30-da İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayevin, İsmayılı RPŞ-nin İsmayıllı şəhəri üzrə polis sahə rəisi Qoşqar Aslanlı və İsamyıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühəndisi Zamin Həsənli ilə bərabər, icra vərəqəsi üzrə təyin olunmuş yerdə olmuşduq. Xəbərdarlıq olunmağına baxmayaraq, əsas cavabdeh -- ailə başçısı icra vərəqəsi üzrə təyin olunmuş yerdə olmadı. Digər cavabdeh Şüküfə Telman qızı Novruzova isə, onlara möhlət verilməsini istədi. İcra məmuru Rahim Mustafayev bunun mümkün olmadığını və on gün möhlətdən artıq vaxtın verilməsinin mümkünsüzlüyünü ona bildirdi. Bundan sonra, icra məmuru Rahim Mustafayevin, İsmayıllı Polis Şöbəsinin İsmayıllı şəhəri üzrə polis sahə rəisi Qoşqar Aslanlının, İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Səhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühəndisi Zamin Həsənlinin, mənim, cavabdeh Şüküfə Telman qızı Novruzovanın və hal şahidləri -- rayonun Diyallı kənd sakini Ağadadaş Qasımovun və Cəbrayıl rayonundan məcburi köçkün olan və İsmayıllı şəhərində yaşayan Vaqif Abdıyevin imzası ilə, akt tərtib olundu. Eyni zamanda, cavabdehlərə izah olundu ki, on gündən sonra, icra vərəqəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 nömrəli qətnaməsi məcburi qaydada icra olunacaq. Mən, on gündən sonra, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsində olduqda, Taleh Quliyev mənə əvvəlcə bildirdi ki, cavabdehlər məhkəməyə müraciət ediblər. Mən onun bu sözlərinin yalan olduğunu biləndə isə, o, mənə dedi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə, Şəki Apellyasiya Məhkəməsinin bu qərarını müzakirə etdikdən sonra qərar verəcəklər". Bundan sonra, şikayətçi məktubunda bildirir ki, Azərbaycan Respublikasında məhkəmələr çıxardığı qətnamələri Azərbaycan Respublikası adından verirlər və bu qətnamələr qeyri-şərtsiz icra olunmalıdır. Elə isə, İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev dövlətin adından çıxarılmış qətnaməni hansı əsaslarla müzakirə edə bilər?! "Cənab Prezident! Hal-hazırda Taleh Quliyev özünü İsmayıllı rayonunun padşahı sayır. O, dövlətimizin qanunları ilə, öz üzərinə düşən vəzifəni icra etmək əvəzinə, mənə də məlum olmayan hansısa maraqları müdafiə edir. Dövlətin adından çıxarılmış qətnamələri icra etməyənlər və icrasına mane olanlar qanunlarımızla cinayət məsuliyyəti daşıyırlar. Taleh Quliyev də, hal-hazırda həmin cinayəti törədib. Törətdiyi bu cinayətə görə isə, cəzalandırılmır. Hətta Taleh Quliyev sizin 3 aprel 2019-cu il tarixində imzaladığınız "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmana belə məhəl qoymadan, cavabdeh tərəflə sövdələşmə aparır. Biz, hüquqi bir dövlətdə yaşayırıq. Lakin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 nömrəli qətnaməsi bu günə kimi icra olunmayıb. Bu dövlətdə onun vətəndaşı olan bir şəxsin müəyyən hüquqi məhkəmə aktında təsbit olunursa və onun həmin hüququ reallaşa bilmirsə, deməli ədalət təmin olunmur. Bu səbəbdən, bu dövlətdə yaşayanların ədalət mühakiməsinə inamları getdikcə azalır. Amma mənim bu məhkəmə qərarının tezliklə icra olunacağına inamım hələ də azalmayıb. İnanıram ki, dövlət başçısı olaraq, məhkəmə qətnaməsinin reallaşmasında mənə köməklik göstərəcəksiniz. Ona görə də, Taleh Quliyevin bizə qarşı törətdiyi qanunsuzluğun və özbaşınalığın qarşısının alınması və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 saylı qətnaməsinin icrası üçün, bizə kömək göstərməyinizi və bu barədə aidiyyatı dövlət qurumlarına göstərişlər verməyinizi Sizdən xahiş edirəm! Kömək üçün Sizə qabaqcadan minnətdaram!".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?