“İnsanlar öz vətəndaşlarımıza qarşı biganəlik fonunda Livana 1 milyon dollar göndərilməsindən narazıdırlar”.
Gundemxeber.Az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın baş naziri Əli Əsədovun Beyrutda baş verən partlayışın nəticələrinin aradan qaldırılması üçün Livana 1 milyon dollar dəyərində yardım göstərilməsi haqda cəmiyyətdə müzakirələrə səbəb olan qərarına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslı bildirib ki, Azərbaycanın Livana maddi yardım ayırması beynəlxalq münasibətlərdən irəli gələn bir addımdır:
“Biz Azərbaycan hökumətindən tələb edə bilmərik ki, dünyadan təcrid olun, heç bir ölkəyə yardım göstərməyin. Bu, doğru sayılmamaqla yanaşı, həm də beynəlxalq münasibətlərə xələl gətirən davranış olardı. Bir çox dövlətlər öz nüfuzlarını genişləndirmək və müttəfiq ölkələrin sayını artırmaq üçün, yaxud da sırf humanizm prinsiplərinə əsaslanaraq, belə addımlar atırlar.
Livana maddi yardım göstərməyin cəmiyyətdə doğurduğu əks reaksiyanın səbəbi daha çox daxili amillərlə bağlıdır. Yəni insanlar öz vətəndaşlarımıza qarşı biganəlik fonunda Livana 1 milyon dollar göndərilməsindən narazıdırlar.
Bu narazılıq belə əsaslandırılır ki, əgər bizə xüsusi yaxınlığı olmayan bir ölkəyə yardım göstərilirsə, Azərbaycanın özündə maddi dəstəyə ehtiyacı olan vətəndaşlar da hökumətin qayğısını görməlidirlər. O baxımdan, bu etirazın motivi hökumətin öz vətəndaşılarımıza münasibətidir. Haqlı olaraq düşünülür ki, “əvvəl evin içi, sonra çölü”.
Əlbəttə, pandemiya dövründə işsiz vətəndaşa 190 manat vermək üçün fantastik şərtlər irəli sürüb, Livana 1 milyon dollar yardım göstərəndə, belə reaksiyaların yaranması təbiidir. Hesab edirəm ki, vətəndaşlar bu məsələdə haqlıdırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?