Millət vəkili Qənirə Paşayeva ötən gün Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan 14 yaşlı oğlanla bağlı məlumatlara münasibət bildirib.
gundemxeber.az xəbər verir ki, millət vəkili «Facebook» səhifəsində bunları qeyd edib:
«Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair və həmin fotolardan baxan uşaqğın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır ilk öncə 24 yaşlı gənc ananın ölümündə günahkar. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan.(Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar?Atıblarsa hansı addımlardır ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək)».
«Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsiib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tədbiyəsinə... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcəklər.
P.S. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur».
Hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. Ağəli Fərəcov Sumayıtın İcra Hakimiyyətinin başçısı Zakirə Fərəcovun qardaşıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?