Milli Şura vahid namizədini müəyyənləşdirdi. Şuranın fəaliyyət proqramının təsdiq edilməsi müxalifətin digər mühüm addımıdır. Beləliklə, həm vahid namizədini müəyyənləşdirən, həm də seçkidən sonrakı iki il üçün konkret fəaliyyət mexanizmini dəqiqləşdirən Milli Şura müxalifətin 20 illik fəaliyyəti dövründə ən geniş koalisiyasıdır. Ancaq elə bu amil Milli Şuranın ən zəif nöqtəsi sayıla bilər. Çünki fərqli qüvvələri və fərqli ambisiyaları bir araya gətirən yalnız Rüstəm İbrahimbəyov amilidir. O olmasa, Milli Şura da indiki formatda olmayacaq.
Mərkəzi Seçki Komissiyası hakimiyyətin sifarişi ilə İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiq etməzsə, Milli Şuranın hazırkı formatı böyük ehtimalla davamlılığını itirəcək. İbrahimbəyov kimi bütün siyasi partiyaları razı salan ortaq fiqurun tapılmasına sadəcə vaxt qalmayacaq. Bunu Milli Şuranın 2 iyul sessiyasındakı bəzi çıxışlar da sübut edir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında İbrahimbəyovun namizədliyinin subyektiv səbəblərdən təsdiq olunmayacağı halda Milli Şuranın alternativ variantının olmasının vacibliyinə eyham vurub. Hakimiyyətin İbrahimbəyovun namizədliyini təsdiq etməyəcəyi mümkün variantlardan biridir. Bu qərar bir tərəfdən hakimiyyətə qarşı beynəlxalq təzyiqləri artıracaqsa, digər tərəfdən Milli Şuranın parçalanmasına yol açacaq.
İqtidarın hakimiyyətini qorumaq naminə beynəlxalq təzyiqə müvəqqəti dözərək ikinci addımı atması heç də istisna deyil. Hakimiyyət texnoloqları yaxın həftələrdən, hətta günlərdən başlayaraq Milli Şuranı ən yaxşı halda içəridən dağıtmaq, ən pis halda isə fikir ixtilafını dərinləşdirmək üçün bütün imkanlarını səfərbər edəcəklər. Məhz bu səbəbdən İsa Qəmbər partiyasının prezidentliyə namizədliyi qərarından hələ vaz keçməyib. Ancaq hadisələrin bu istiqamətdə inkişafı, yəni İbrahimbəyovun bu və ya digər səbəbdən namizədliyinin neytrallaşdırıldığı halında İsa Qəmbər Milli Şuraya deyil, ancaq öz partiyasına güvənə bilər, Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov, hətta Əli Kərimlinin belə onu dəstəkləməsi mümkün görünmür.
İbrahimbəyov Milli Şuranın qərarından sonra verdiyi ilk açıqlamada Azərbaycana qayıtmağı hələ düşünmədiyini deyib. O hətta belə bir ifadə də işlədib: “Azərbaycana seçkiyə yaxın qayıdacam”.
“Seçkiyə yaxın” nə deməkdir? İbrahimbəyov avqust, sentyabr və ya seçki ayı – oktyabrdamı qayıdacaq? Məsələ bundadır ki, İbrahimbəyovun Azərbaycana qayıdışını ləngitdiyi hər keçən gün Milli Şuranın işini, kövrək monolitliyini zəiflədir, hakimiyyətin isə müxalifət içində ikitirəlik yaratmaq fürsətlərini artırır. Lideri Azərbaycanda olmayan qurumun seçki kampaniyasını onsuz aparmasının çətinlikləri göz qabağındadır. İbrahimbəyov ambisiyalı siyasətçilərlə çiyin-çiyinə dayanıb mübarizə aparmayacaqsa, onda həmin siyasətçilər həmişəki kimi öz aralarında mübarizə aparacaqlar.
İbrahimbəyov Azərbaycana qayıdışının ləngiməsini iki amillə izah edir. Birinci amil odur ki, təyyarədən enən kimi onu həbs edə bilərlər. Ancaq bu variantın mümkünlüyü belə, nə qədər acınacaqlı səslənsə də, Milli Şuranın və elə İbrahimbəyovun xeyrinədir. Həbs həm təşkilatın, həm də liderin reytinqini artıracaq, hakimiyyəti isə xarici və daxili təzyiqlərlə üz-üzə qoyacaq. İbrahimbəyov onsuz da seçkiyə qədər Azərbaycana qayıtmaq məcburiyyətindədir. Həbs olunacaqsa, gec qayıtdıqda da həbs oluna bilər. Ona görə erkən qayıdıb həbs olunmaq, gec qayıdıb həbs olunmaqdan daha münasib variantdır. Erkən həbs seçkiyə qədər yeni situasiyada mübarizə formatının dəyişikliyinə yol açacaqsa, gecikən həbs Milli Şuraya yeni qərarlar qəbul etməyə vaxt tanımayacaq.
Hələliksə İbrahimbəyov ABŞ, Avropa Birliyi və Türkiyədə görüş və müzakirələrə hazırlaşır. Onun vahid namizədliyi açıqlanan kimi ilk dəvət ABŞ Konqresinin Helsinki Komitəsindən gəlib. Komitə onu fikirlərini dinləmək istəyir. Əlbəttə, bu görüşlər önəmlidir, ancaq seçkinin taleyi Azərbaycanda həll olunacaq. Bu 20 ildə müxalifət liderləri seçki öncəsi dəfələrlə ABŞ və Avropa Birliyi ölkələrinə dəvət olunublar, elə həmin Helsinki Komitəsində də geniş nitqlər söyləyiblər. Ancaq hər dəfəsində də seçkinin nəticələri elə həmin dövlətlər tərəfindən tanınıb. İbrahimbəyov da hələ ki, seçkidə xarici amilə daha çox önəm verir, halbuki artıq seçki şüarlarının, mitinqlərin vaxtının, proqramların, bölgələri qarış-qarış gəzib insanlarla təmas qurmanın vaxtıdır...
Sorğu
Yeni dizaynımız necədir?