Rusiyalı ekspertdən şok iddia: "İlham Əliyevin şəxsi mühafizəçisi Əsədə qarşı MDB-dən olan üsyançıları hazırlayan düşərgəyə rəhbərlik edir”
“Suriyada MDB-dən olan və Bəşər Əsəd rejiminə qarşı döyüşən yaraqlıları hazırlayan düşərgəyə Azərbaycan prezidenti İlham Əliyevin şəxsi mühafizəçisi başçılıq edir”.
Bu ağlasığmaz iddia ilə Suriyadan qayıdan rusiyalı ekspert, iqtisadi elmləri doktoru və ANNA agentliyinin (Abkhazian Network News Agency) şərhçisi Marat Musin çıxış edib. Virtualaz.org bildirir ki, bu xəbəri “Regnum” agentliyi yayıb.
M.Musin bu iddianı Rusiyanın internet telekanalı “Neyromir" TV-nin efirində Suriyada avqustun 21-də Əsəd rejimi tərəfindən kimyəvi silah tətbiq olunduğuna dair deyilənləri şərh edərkən səsləndirib.
M.Musinlə müsahibənin videoyazısı internetdə yayılıb və rusiyalı ekspert Azərbaycana dair bu iddianı çıxışının 21-23-cü dəqiqələri arasında səsləndirir.
M.Musinin danışdıqlarından bəlli olur ki, o, avqustun 21-də ANNA agentliyinin çəkiliş qrupunun rəhbəri kimi Dəməşq ətrafında gedən döyüşləri Əsəd qüvvələrinin tərəfində izləyib və çəkilişlər aparıb. O, həmin gün Dəməşq ətrafında zarın qazı tətbiq edildiyini təsdiqləyir, lakin iddia edir ki, kimyəvi silahdan Suriya ordusu yox, yaraqlılar istifadə edə bilərdi. M.Musin Suriyada Əsəd rejiminə qarşı döyüşənlərin sırasında çoxlu MDB ölkələri vətəndaşlarının, o cümlədən azərbaycanlıların olduğunu deyib. O, iddia edib ki, MDB-dən olan döyüşçüləri hazırlayan düşərgəyə Azərbaycan prezidentinin mühafizəçisinin başçılıq etdiyi haqda məlumatı ona Dəməşq ətrafındakı Cabar bölgəsində döyüşən azərbaycanlılar verib.
M.Musin iddiasını əsaslandırmaq üçün heç bir dəlil göstərməyib. O, MDB vətənaşlarının döyüşmək üçün Suriyaya Türkiyə üzərindən göndərildiyini deyib: “Anqlosakslar bütün loqistikanı düşünüblər. MDB vətəndaşları Susiyaya Türkiyədən daxil olur. Onları əvvəlcə türk qarşılayır və sərhədə aparır. Orada qruplar halında cəmləşirlər. Taksi gəlir, onları sərhədi keçəcəkləri nöqtəyə çatdırır. Sonra türk polis maşını gəlir, sənədləri toplayır, məntəqəyə aparır, surətlərini çıxarır, qayıdıb sənədləri özlərinə verir və yola salır. Sərhədi keçəndən sonra qrupu rus dilini bilən qırğızlar qarşılayır”.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Suriyada Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etdiyi məlumdur və indiyədək onlardan bir çoxu həlak olub. Bunlar vəhhabi təriqətinə mənsub şəxslərdir. Bu baxımdan rusiyalı ekspertin Azərbaycana dair irəli sürdüyü iddia kifayət qədər ağlasığmaz görünə bilər. İstənilən halda Azərbaycanın rəsmi məqamları M.Musinin bu iddiasına cavab verməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?