Xəbər verdiyimiz kimi, Milli Şuranın dünənki sessiyasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və Milli Şurada təmsil digər ALP üzvləri qurumun sessiyasına qatılmamışdı. Partiyanın sədri Ə.Temirxan isə AzNewz.az-a açıqlamasında Milli Şuranın sessiyasına qatılmamalarının səbəbləri barədə sualdan yayınaraq, bu barədə danışmaq istəməmişdi.
AzNews.az ALP üzvlərinin Milli Şuranın sessiyasına qatılmamalarının səbəblərini araşdırıb və maraqlı məlumatlar əldə edib. Məlum olub ki, ALP üzvlərinin MŞ-in sessiyasını boykot etməsinə AXCP sədri Əli Kərimli səbəb olub.
Belə ki, əvvəlcədən razılaşdırılmış qaydalara görə, MŞ-in hər sessiyasına bir partiyanın rəhbəri sədrlik etməli idi. Bu sıralama ilə isə Cəmil Həsənlinin vahid namizəd elan edildiyi MŞ-in 23 avqust sessiyasına sədrlik etmək növbəsi ALP sədrin olub. Lakin AXCP sədri Əli Kərimli həmin vaxt bu məsələyə etiraz edərək, sessiyasının kifayət qədər ciddi olduğunu, C.Həsənlinin yeni vahid namizəd elan olunacağını nəzərə alaraq, iclasa müxalifətdə daha ağır çəkisi bir partiya rəhbərinin sədrlik etməsinin doğru olduğunu bildirib.
Ona görə də MŞ-in 23 avqust sessiyasına Müsavat başqanı İsa Qəmbər sədrlik edib. ALP sədri Əvəz Temirxan isə həmin sessiya öncəsi bu qərara müqavimət göstərmək istəsə də, sonda sessiyaya Müsavat başqanının sədrlik etməsinə razılıq verməyə məcbur olub. Məlumata görə, Milli Şuranın dünən keçirilən iclasına sədrlik növbəsi Ə.Temirxanın olsa da, sessiyaya 1 saat qalmış məlub olub ki, bu, yenə alınmayacaq.
Bu isə ALP sədrini bərk qəzəbləndirib və MŞ-in dünənki sessiyasını boykot qərarı verməsinə səbəb olub. Məlumatlı şəxs onu da bildirir ki, ALP rəhbərliyinin bu günlərdə Milli Şuranın kulislərinə yaşananlarla bağlı sərt açıqlamalar verəcəyi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?