Belçika və Fransada yaşayan türklər aksiya keçiriblər
İstanbulun Taksim Gezi parkının məhv edilməsinə qarşı etiraz aksiyalarına xaricdən də dəstək gəlib. Ötən gün Belçikada da eyni məqsədlə aksiya baş tutub. Paytaxt Brüsseldə artıq 3-cü analoji aksiya keçirilib. Avropa Parlamentinin qarşısına toplaşan türklərə yerli ictimai birliklər, belçikalı, fransız, alman, holland və polyak gənclərdən ibarət qruplar da dəstək verib. "Demokratiyanı yaşamaq istəyən türk icmasını bu haqlı mübarizədə dəstəkləyirəm. Əgər baş nazirlərinin istefa verməli olduğunu düşünürlərsə, məncə, bu, olmalıdır", - deyə polyak Qreq Ambrozyeviç bildirib. "Türkiyədə 6 ay yaşamışam. Bura da türk xalqının dirənişinə dəstəyimi nümayiş etdirmək üçün gəlmişəm", - deyə Benjamin Dalmar adlı alman etirazçı bildirib. Lenard Ott adlı belçikalı etirazçı isə bunları deyib: "Türkiyənin demokratiya üçün girişdiyi insan haqları uğrunda mübarizəsini dəstəkləyirəm. Türkiyə müasir bir hüquq dövləti olduğunu göstərməlidir. Onları dəstəkləyirəm, çünki indiki hökumətdən daha yaxşısına layiqdirlər". Fransanın paytaxtı Parisdə yaşayan türklər də analoji etiraz aksiyası keçiriblər. Türklər Taksim Gezi parkının qorunub saxlanmasını dəstəkləmək və etirazçılara qarşı zorakılığı pisləmək üçün Məsumlar Bulağı adlanan yerə toplaşıblar. Aksiyaya Fransanın qeyri-hökumət təşkilatları və ictimai birlikləri, eləcə də "Amnesty İnternational" beynəlxalq təşkilatı dəstək verib. Aksiyada 500-ə yaxın adamın iştirak etdiyi bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?