gundemxeber.az Rusiya gələn il Armavirdə yeni nəsil “Voronej DM” raket hücumundan xəbərdarlıq sistemini döyüş növbəsinə buraxacaq. “Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarəsini dayandırması qərarı ilk növbədə bu hərbi obyektin praktiki istifadəsinin zəruri olmaması ilə əlaqədardır. Köhnəlmiş RLS-ləri artıq “Voronej” tipli yeni nəsil stansiyalar əvəzləyir”. Bu açıqlamanı “Ria Novosti”yə Rusiya Müdafiə Nazirliyindəki mənbə verib. Mənbə bildirib ki, əvvəllər Qəbələ RLS-in üzərinə düşən vəzifələri Armavirdə yerləşən yeni nəsil “Voronej DM” raket hücumundan xəbərdarlıq sistemi öz üzərinə götürməyə qabildir: “Bu stansiyanın sınaqları ilin sonuna kimi başa çatacaq. Obyekt 2013-cü ilin ilk rübündə döyüş növbəsinə başlayacaq”. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Peçora, Barnaul, Yeniseysk və Olenoqorskda yeni nəsil radiolokasiya stansiyalarının tikilməsi ehtimalını nəzərdən keçirəcəyini bəyan etmişdi. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Qəbələ RLS-in istismarının rəsmən dayandırıldığına dair dünən Azərbaycana rəsmi nota təqdim edib. Məşhur rusiyalı jurnalist, Rusiya Prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenko Son olayı şərh edərkən bildirib ki, Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması siyasi qərardır. Rusiya bu addımı atmaqla İran istiqamətindən təhlükə görmədiyinə işarə vurur: “İstismarın dayandırılması göstərir ki, Rusiya İran istiqamətindən hər hansı təhdid görmür. Bu, İrana münasibətdə atılmış dostyana addımdır. Qəbələ RLS-in yalnız bir hədəfi vardı – SSRİ-yə cənub istiqamətindən hücumun qarşısını almaq. Azərbaycan ərazisində yerləşən bu stansiya İran istiqamətini nəzarətdə saxlayırdı. Bu gün Rusiya bu addımı ilə göstərir ki, İran bu ölkə üçün rəqib deyil və bu ölkədən hər hansı təhlükə gözlənilmir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?